Accessibility links

Səhiyyə naziri: Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb


Teymur Musayev
Teymur Musayev

"Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır".

Bu barədə Azərbaycan Səhiyyə naziri Teymur Musayev Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında bildirib.

“Demək olar ki, ağırlaşmalar yoxdur. Hospitalizasiya sayları bu gün kifayət qədər aşağı rəqəmlərdədir. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq" deyə nazir qeyd edib.

Nazir Azərbaycanda koronavirus əleyhinə vaksinasiya toxunub.

Teymur Musayev ümumi əhalinin peyvəndlənmə statistikasının təxminən 74 % təşkil etdiyini deyib.

“Bu istiqamətdə bütün lazımi addımlar görülür və payız aylarını sıçrayışsız keçsək, ümidvaram ki, biz pandemiyanın sonu barədə nəsə danışa bilərik”, nazir qeyd edib.

Bundan əlavə nazir meymunçiçəyi virusu ilə bağlı açıqlama verib.

Teymur Musayev qeyd edib ki, Azərbaycanda bu günə kimi meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

"Meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur. "Bu da Ümumdünya Səhiyyə Təşkilatının strategiyasından irəli gəlir. Yəni hazırda heç bir peyvəndə ehtiyac duyulmur ".

Bundan əlavə nazir Azərbaycanın sərhəd keçid məntəqələrində meymunçiçəyi virusu ilə əlaqəli hər hansı spesifik tədbirlərin görülməsinin nəzərdə tutulmadığını deyib.

Xatırlatma

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması, aprelin 15-dən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilib.

Bununla yanaşı, 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı aşağıdakı məhdudiyyətlər ləğv edilib:

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi;

- şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi.

XS
SM
MD
LG