Sülh üzrə Nobel Mükafatı Eritreya ilə sərhəd münaqişəsini həll etdiyinə görə Efiopiyanın baş naziri Abi Əhməd Əliyə verilib.
Bu ilin laureatı 2018-ci ilin aprelində Efiopiyanın baş naziri olub və dərhal qonşularla danışıqlara başlayıb. Bir neçə aydan sonra ölkələr barışıq bəyannaməsi imzalayıblar və dərhal ticarət və diplomatik münasibətləri, telefon və hava əlaqələrini bərpa ediblər. Bundan əlavə, dəniz yolu olmayan Efiopiyaya Eritreya limanlarından istifadə etmək imkanı verilib. Danışıqların vasitəçiləri beynəlxalq üçlük - ABŞ, Böyük Britaniya və Norveç olub.
İki Afrika dövləti arasındakı qarşıdurma on illərlə davam edib. 1947-ci ildə Eritreya muxtariyyət statusu qazanaraq Efiopiya ilə ortaq bir federasiyanın tərkibinə daxil olub. Lakin sonra federasiya dağılıb və Eritreya müstəqillik müharibəsinə başlayıb. Eritreya yalnız 90-cı illərin əvvəllərində müstəqil bir dövlət olub və BMT-yə qəbul edilib. Ancaq ölkələr arasında düşmənçilik davam edib.1998-ci ildə bu, yeni silahlı qarşıdurmaya səbəb olub və iki il ərzində 70 mindən çox insan ölüb.
Qanlı qarşıdurmaya son qoyan Abi Əhməd Əli Nobel Sülh Mükafatına pul ekvivalenti olaraq doqquz milyon İsveç kronu alacaq - bu isə, təxminən 900 min dollardır. Mükafatlandırma mərasimi dekabrın 10-da Osloda keçiriləcək.