Accessibility links

Nobel Sülh Mükafatı ifadə azadlığı uğrunda mübarizə aparan iki jurnalistə verildi


Dmitri Muratov və Maria Ressa
Dmitri Muratov və Maria Ressa

Norveç Nobel Komitəsi cümə günü iki jurnalist - rusiyalı Dmitri Muratovu və filippinli Maria Ressa-nı "demokratiya və davamlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorumaq səylərinə görə" Nobel Sülh Mükafatına layiq görüb.

Osloda keçirilən mərasimdə Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen qalibləri elan edərək, "Xanım Ressa və cənab Muratov Filippində və Rusiyada ifadə azadlığı uğrunda göstərdikləri cəsarətli mübarizəyə görə Sülh Mükafatını alırlar" deyə bildirib.

Komitə Rusiyada getdikcə çətinləşən ağır şərtlər altında onillərdir ifadə azadlığını müdafiə etdiyi üçün rusiyalı jurnalist Dmitri Andreyeviç Muratovu mükafata layiq görüb.

O 1993-cü ildən fəaliyyət göstərən "Novaya Qazeta" qəzetinin həm-təsisçisidir və 1995-ci ildən orada baş redaktor vəzifəsini icra edir. Hazırda "Novaya Qazeta" hakimiyyətə qarşı əsaslı tənqidi münasibət göstərən Rusiyanın ən müstəqil qəzeti hesab edilir.

Komitə bildirir ki, qəzetin faktlara əsaslanan jurnalistikası və peşəkar dürüstlüyü onu Rusiya cəmiyyətinin senzuralı tərəfləri haqqında əhəmiyyətli bir məlumat mənbəyi halına gətirib.

Qəzat korrupsiya, polis zorakılığı, qanunsuz həbslər, seçki saxtakarlığı və Rusiya ordusunun həm ölkə daxilində, həm də xaricində istifadəsi kimi mövzularda tənqidi məqalələr dərc edib.

Maria Ressa, 10 Aprel 2019 -cu ildə Nyu -Yorkda Dünya Qadınlar Zirvəsində iştirak edir.
Maria Ressa, 10 Aprel 2019 -cu ildə Nyu -Yorkda Dünya Qadınlar Zirvəsində iştirak edir.

Komitədən verilən açıqlamada bildirilir ki, Filippinli jurnalist Maria Ressa doğma ölkəsində səlahiyyətlərindən sui-istifadə, zorakılıq və artan avtoritarizmi ifşa etmək üçün ifadə azadlığından qorxmadan istifadə etməsi ilə tanınır.

Araşdırmaçı jurnalist və Rappler rəqəmsal media şirkətinin həmtəsisçisi olan Ressa Prezident Rodriqo Dutertenin mübahisəli narkotik əleyhinə kampaniyasına ciddi diqqət çəkib.

Xanım Ressa və Rappler saxta xəbərlər yaymaq, rəqiblərini sıxışdırmaq və ictimai fikri manipulyasiya etmək üçün sosial mediadan necə istifadə edildiyini də sənədləşdirib.

1,1 milyon dollar məbləğindəki pul mükafatı iki jurnalist arasında bölünəcək.

Tibb, fizika, kimya və ədəbiyyat üzrə Nobel mükafatları bu həftə təqdim edilib. İqtisadiyyat üzrə mükafat isə bazar ertəsi elan ediləcək.

Mükafatların hamısı rəsmi olaraq dekabr ayında təqdim ediləcək. Komitə davam edən COVID-19 pandemiyası səbəbindən bu ilki mərasimin qarışıq - həm canlı, həm də virtual formada keçiriləcəyini açıqlayıb.

Laureatlara Nobel Mükafatı medalları və diplomları öz ölkələrində təqdim olunacaq.

XS
SM
MD
LG