Accessibility links

Norveç Helsinki Komitəsi: Azərbaycanda məişət zorakılığının artması qadınların həyatına təhlükə yaradır


Məişət zorakılığı

“Azərbaycanda qadınlar zorakılıq, qısnama, pis rəftar olmadan yaşamaq hüququna malikdirlər. Ölkədə məişət zorakılığı davamlı olaraq qadınlara qarşı bütün şiddətə qarşı mübarizənin əsas prinsipini ciddi şəkildə sarsıdır."

Bu barədə Norveç Helsinki Komitəsinin mayın 20-da yaydığı hesabatda deyilir.

Məlumatda qeyd edilir ki, ailə zorakılığı ilə üzləşənlər sui-istifadədən qaçmaq, ədalət axtarmaq və həyatlarını bərpa etmək üçün hər addımda qoruma və dəstəyə ehtiyac duyurlar.

Təşkilat qeyd edir ki, Azərbaycan qanunvericiliyindəki boşluqlar, qeyri-adekvat hüquqi qoruma və məişət zorakılığına hüquqi reaksiya qadınların, demək olar, mühafizəsiz qalması deməkdir.

“Azərbaycan qanunvericiliyində mövcud olan boşluqlar, məişət zorakılığına qarşı qeyri-qanuni icraat, məhkəmə reaksiyaları və xidmətlərin keyfiyyətsiz olması çox vaxt qadınları az qoruyur. Azərbaycan hökuməti vəziyyəti dəyişdirmək üçün hərəkət etməsə, qadınların həyatını risk altına qoymağa davam edəcək.”

Hesabat Azərbaycan hökumətini məişət zorakılığı üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün təcili tədbirlər görməyə çağırır.

Təşkilat hesab edir ki, Azərbaycan hökuməti İstanbul Konvensiyasını dərhal imzalayaraq həlledici bir addım atmalıdır.

Sənədin 2020-ci ildə Azərbaycanın aparıcı fəalları ilə əməkdaşlıq əsasında hazırlandığı qeyd olunur.

Öz növbəsində, Azərbaycanın qanunvericliyində və siyasi-sosial həyatda qadınların kişilərlə bərabər hüquqları var. Hökumətdə, parlamentə qadınlar təmsil olunur. Ötən ilin noyabrında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün milli fəaliyyət planı təsdiqlənib.

Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının vəziyyətinə dair indiyədək səslənən tənqidləri bir qayda olaraq rədd edir. Hakimiyyət təmsilçiləri Azərbaycanda bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir, beynəlxalq insan haqları təşkilatlarını qərəzli olmaqda günahlandırır.

Şərhlərə bax

XS
SM
MD
LG