Accessibility links

Norveçdə baş verən torpaq sürüşməsi zamanı 11 nəfər yaralanıb, 21 nəfər itkin düşüb


Norveç polisinin bildirdiyinə görə, çərşənbə günü səhər saatlarında ölkənin cənubunda baş verən torpaq sürüşməsi zamanı biri kritik vəziyyətdə olmaqla, 11 nəfər yaralanıb, 21 nəfər itkin düşüb. Torpaq sürüşməsi ondan çox evin dağılmasına səbəb olub.

Torpaq sürüşməsi paytaxt Oslodan təxminən 30 km. şimalda, Gyerdrum bələdiyyəsində yaşayış məntəqəsində baş verib.

Hadisə yerində çəkilmiş fotolarda böyük krater və dağılmış binaları görmək mümkündür. Televiziya ilə krater kənarında digər evlərin olduğu və bir evin çökdüyü nümayış etdirilib.

Sürüşmənin baş verdiyi ərazinin üzərində uçan vertolyotlar ara-sıra təcili yardım işçilərini dağılmış evlərin dağıntıları üzərinə endirib.

Polis indiyə qədər bölgədən təxminən 700 nəfərin evakuasiya edildiyini bildirib.

"İki güclü yeraltı təkan oldu və mən qarın təmizləndiyini və ya buna bənzər bir şey olduğunu düşündüm. Sonra birdən elektrik söndü və qonşulardan biri qapıya gəldi və evakuasiya edilməli olduğumuzu dedi. Mən üç nəvəmi yuxudan oyadıb, onlara tez geyinin dedim" - deyə, 68 yaşlı Oysteyn Gyerdrum NRK telekanalına bildirib.

Polis tkin düşən insanların sürüşmə zamanı evlərində olub-olmadıqları və ya qaça bilib-bilmədiklərinin məlum olmadığını deyib.

"Bu, fəlakətdir", hadisə yerini ziyarət edən baş nazir Erna Solber jurnalistlərə deyib.

"İçəridə qalan insanlar ola bilər, eyni zamanda buna əmin ola bilmərik, çünki Yeni il bayramıdır. Yəni insanlar başqa yerlərdə də ola bilər" - deyə, o bildirib və xilasetmə əməliyyatlarının uzun vaxt ala biləcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG