Accessibility links

Norveçli rejissor Eynulla Fətullayevlə bağlı çəkdiyi filmi təqdim edib


Norveçli rejissor Eynulla Fətullayevlə bağlı çəkdiyi filmi təqdim edib
Norveçli rejissor Eynulla Fətullayevlə bağlı çəkdiyi filmi təqdim edib

Erling Borgen “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynov haqdakı filmin də rejissorudur.

Bu gün norveçli jurnalist və rejissor Erling Borgenin Azərbaycanda həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı çəkdiyi filmin təqdimat mərasimi keçirilib. “Amerikanın Səsi”nə bu barədə məlumatı hüquq müdafiəçisi Vüqar Qocayev verib. Onun sözlərinə görə, Vilnusdakı Finlandiyya səfirliyində keçirilən təqdimat mərasimində Belarus, Latviya, Litva, Norveç, İsveç və İngiltərədən olan hüquq müdafiəçiləri qatılıb. 28 dəqiqəlik filmdə Eynulla Fətullayevin həbs edilməsindən, Azərbaycanda mətbuatın vəziyyətindən bəhs edilir.

Erling Borgen “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynov haqdakı filmin də rejissorudur.

“Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru olan Eynulla Fətullayev 2007-ci ildə 8 il 6 aylıq həbsə məhkum edilib.

Jurnalist 2005-ci ildə yazdığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və 2 il 6 ay həbs cəzası alıb.

Jurnalist tutulduqdan bir ay sonra Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində Fətullayevin rəhbərlik etdiyi “Realnı Azerbaydjan” qəzetində getmiş məlumatlarla əlaqədar cinayət işi başlanıb. Bunlar isə ABŞ-ın İrana hərbi hücumu ilə bağlı ehtimalların səsləndirildiyi məlumatlardan ibratədir. Bu məlumatların Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunub. Jurnalistə Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini zəmində nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. Sonradan istintaq Eynulla Fətullayevi külli miqdarda vergidən yayınmaqda (213.2.2-ci maddə) da ittiham edib. 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Fətullayevə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib.

2009-cu il dekabrın 29-da saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində jurnalistin üzərindən narkotik maddə tapıldığı açıqlanıb. Ona Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) iş açılıb. 2010-cu il iyulun 6-da Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə Fətullayevi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də Eynulla Fətullayevin iş üzrə Azərbaycan dövlətinə qarşı şikayətinə baxaraq jurnalistin ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb, onun dərhal azadlığa buraxılmasını tələb edib, jurnalistə 25 min avro təzminat ödənilməsi haqda qərar qəbul edib. Azərbaycan hökuməti isə iyulun 15-də Böyük Palataya şikayət verib.

XS
SM
MD
LG