Norveç Helsinki Komitəsi Azərbaycanda jurnalist Aytən Məmmədovaya hücumu pisləyib, hakimiyyəti bu cinayətin hərtərəfli araşdırılmasına və müstəqil jurnalistləri təqiblərdən qorumağa çağırıb.
"Cəsur jurnalistlər artıq çoxdan bilirlər ki, Azərbaycan iş üçün təhlükəsiz yer deyil. Norveç Helsinki Komitəsilə əməkdaşlıq etmiş jurnalist Aytən Məmmədovaya amansız hücum bu barədə bir xatırlatmadır", Azərbaycan rəhbərliyinə müraciətdə deyilir.
Norveç Helsinki Komitəsi qeyd edir ki, əvvəllər tənqidi reportajlarına görə dəfələrlə hədələrə məruz qalan Məmmədova bu qalmaqallı və həssas prosesi fəal şəkildə işıqlandıran azsaylı jurnalistlərdən biridir.
Komitə Azərbaycan hakimiyyətini hərtərəfli araşdırma aparmağa və müstəqil jurnalistləri təqiblərdən qorumağa çağırır.
Mayın 10-da isə Human Rights Watch insan haqları təşkilatının Cənubi Qafqaz üzrə təmsilçisi Giorgi Qoqia Aytən Məmmədovaya hücumdan həddən artıq narahat olduğunu bildirib.
"Siyasi baxımdan həssas və səs-küylü məhkəmə işlərini işıqlandıran, tanınmış jurnalist Aytən Məmmədovaya hücumla bağlı məlumatlardan aşırı narahatıq. Naməlum şəxs liftdə onun boğazına bıçaq dirəyək ‘ağıllanmadığını’ deyib və qızıyla hədələyib", Qoqiya yazıb.
Mayın 8-də gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanındakı binanın liftində naməlum şəxs jurnalist Aytən Məmmədovaya hücum edib. Naməlum şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.
Jurnalistin fiziki hücuma məruz qalması sosial şəbəkələrdə və ictimai müzakirələrdə geniş tənqidlərə yol açıb.
Fakta görə cinayət işi başlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
"Aytən Məmmədova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib. Onun diqqətinə çatdırılıb ki, fakt üzrə bütün zəruri tədbirlər icra olunur. Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir" - deyə, Hacıyev qeyd edib.
Media Agentliyi: Jurnalistin təqib edilməsi yolverilməzdir
Media İnkişaf Agentliyi bildirib ki, baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır.
"Media haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir. Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir" , məlumatda qeyd edilir.