Fransalı milyarderlər, şirkətlər və adi vətəndaşların Notr-Dam kilsəsinin bərpası üçün ianə etdikləri pulun dəyəri yanğından sonra iki gün ərzində artıq 900 milyon avroya çatmışdı. Bu, tarixi binanın Fransa xalqı üçün əhəmiyyətini vurğulayır.
Lakin bu qədər pulun ianə edilməsi xeyriyyə təşkilatları, siyasətçilər və şərhçilərdə biznes donorlarının bu qədər qısa müddət ərzində bu dərəcədə yüksək məbləğdə ianə vermələrinə dair suallar yaradıb. Buna onların ianələrdən nə cür vergi imtiyazları alacaqları da daxildir.
Ultra solçu Əyilməz Fransa partiyasından parlament üzvü deyib ki, böyük şirkətlərin ödədikləri vergilər ictimai fondlara gedə bilər. Sosial mediada bir çox insan kimi o da, yoxsullar və evsizlərin bənzər yardım almamalarını sual edib.
“Aydındır ki, bu məsələ insanlarda çoxlu pulun olduğunu göstərir. Bütün bu ianələrin əsasında ağla gələn ilk məsələ mümkün vergi kəsiridir. Bu o deməkdir ki, insanlar böyük məbləğdə pul ianə edəndə, o pulun 66 faizindən vergi kəsilmir. Bu da ictimai fondlara ziyan vurur”, Əyilməz Fransa partiyasından parlament üzvü Aleksis Kurbier bildirib.
“İkincisi, bizi maraqlandıran sual budur ki, nə üçün Notr-Dam üçün bu qədər ianə toplanır amma yoxsullar üçün yox. Bu milli ruh birdən-birə hardan oyandı? Amma bu zəngin insanların çoxu daha çox vergi ödəmək istəmir ki, həmin pulla bir çox faydalı iş görülür, xüsusilə də ictimai xidmətlər baxımından. Mən Fransadakı sistemin “amerikanizasiya” formasına çevrilməsini istəmirəm, harda ki, ən zənginlər daha az vergi ödəyir və nəyi maliyyələşdirdiklərini özləri seçir”, o əlavə edib.
Şirkətlərin xeyriyyə məqsədli ianələri Fransada 60 faizlik vergi kəsirindən faydalanır. Bu səbəblə də tənqidçilər şirkətlərin baş icraçı direktorları və başqa insanların görünəndən daha az səxavətli olduqlarını söyləyir. Fərdi şəxslər isə 66 faizlik vergi kəsirindən faydalanır.
Notr-Dama ilk böyük ianəni Gucci və Saint Laurent kimi brendlərə sahib Kering lüks mallar qrupunun milyarder başçısı Fransua-Henri Pino göndərib.
Nə üçün Notr-Dam üçün bu qədər ianə toplanır amma yoxsullar üçün yox. Bu milli ruh birdən-birə hardan oyandı? Amma bu zəngin insanların çoxu daha çox vergi ödəmək istəmir ki, həmin pulla bir çox faydalı iş görülür, xüsusilə də ictimai xidmətlər baxımından.Aleksis Kurbier
Eyni zamanda aktrisa Salma Hayeklə evli olduğuna görə də tanınan 56 yaşlı Pino yanğın hələ də davam edərkən kilsənin bərpasına 100 milyon avro ianə edib. Ailəsinin holdinq şirkətinin sözçüsünün bildirdiyinə görə, onun bu qərarı emosiyalara əsaslanıb. O bu ianədən vergi kəsiri əldə etməyə çalışmayacağını deyib.
Bir neçə saat sonra onun böyük rəqibi, Fransanın ən zəngin insanı və Louis Vuitton-un sahibi LVMH şirkətinin başçısı Bernard Arno da televiziyada yayımlanan dəhşətli görüntülərdən təsirlənərək, 200 milyon avro ianə etdiyini açıqlayıb.
Parisin qərbində Louis Vuitton Fondunu inşa etmək üçün böyük vergi kəsirlərindən faydalanan LVMH sözçü vasitəsilə imicini yaxşılaşdırmağa çalışdığına dair iddiaları rədd edib.
İanələri tənqid edənlər arasında Fransanın ikinci ən böyük həmkarlar ittifaqının başçısı da olub. O, sosial problemlərin həlli üçün pulun tapılmamasının onu qəzəbləndirdiyini söyləyib.
“Bir anda 200 milyon, 100 milyon…bu həmçinin ölkəmizdəki bərabərsizliyi göstərir”, - deyə, CGT həmkarlar ittifaqının baş katibi Filip Martinez aprelin 17-də Franceinfo radiosuna bildirib.