Accessibility links

Notr Dam kilsəsinin ətrafında qurğuşundan təmizlənmə işləri aparılır


Parisdə Notr Dam kilsəsi ətrafındakı küçələr ərazinin qurğuşundan təmizlənməsi üçün bağlanıb.

Kafedralın yerləşdiyi ərazidə yüksək səviyyədə qurğuşun tarixi kilsənin aprel ayının 15-də yanğın nəticəsində strukturu və damının dağılmasından sonra aşkar edilib.

“Notr Dam kilsəsinin yaxınlığında dərhal ətraf mühitin çirklənməsi səviyyəsi qiymətləndirilib. Bundan sonra planın effektivliyi yoxlanılacaq. Bizim qarşımızda duran əsas sual onların zəhərlənmənin daha geniş zonaya tətbiq edib-etməyəcəyindən ibarətdir. Çünki biz bilirik ki, burada beşinci və altıncı dairələrdə bunun təsirinə məruz qalan məktəblər var. Buna görə də daha çox küçənin əhatə ediləcəyini gözləyirik” - deyə, Paris polis prefekturasının nümayəndəsi Frederik Quillo bildirib.

Kilsənin bərpası keçən ay təhlükəsizlik səbəblərinə görə təxirə salınmışdı. Bu həftə bərpa işlərinin yenidən başlayacağı gözlənilirdi. Lakin ərazinin qurğuşundan təmizlənməsi prosesi daha uzun sürə bilər.

Paris rəsmiləri aylardır kilsənin ətrafındakı ərazilərin zəhərləndiyini rədd edirdi. İyul ayında kafedralın hətta bir kilometrliyində yerləşən binalarda qurğuşunun aşkar edilməsindən sonra onlar nəhayət ərazinin təmizlənməsi üçün daha çox iş görülməli olduğunu etiraf ediblər.

Şəhər rəsmiləri yaxınlıqdakı məktəblərin sentyabr ayında dərslər başlayana qədər təmizlənəcəyinə söz veriblər.

Prezident Emmanuel Makron qarşıya 850 yaşı olan kilsənin beş il müddətində bərpasının tamamlanması kimi məqsəd qoyub.

Notr Dam kilsəsi Fransada turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Aprel ayında yanğına qədər hər il kilsəni 10 milyondan çox insan ziyarət edirdi.

XS
SM
MD
LG