Accessibility links

Novella Cəfəroğlu: Saleh Rüstəmlinin amnistiyaya düşməsi üçün çalışırıq


“Saleh Rüstəmlinin vəziyyəti pisləşməkdə davam edir. Ağrıları şiddətlənir. Gecələr yata bilmir, oynaqlarında güclü ağrılar var. Artıq orqanizmində digər problemlər də üzə çıxıb.”

Bu barədə həbsxanada 26 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov bu gün, dekabrın 1-də Amerikanın Səsinə müsahibəsində bildirib.

Vəkil Saleh Rüstəmlini müayinə edən həkimlə görüşə bilmədiyini deyib.

“Amma həkim nəzarəti var. Analizlər götürülür, təzyiqini ölçürlər. Dünən qan analizi də götürüblər.”

Saleh Rüstəmlinin vəziyyəti pisləşməkdə davam edir. Ağrıları şiddətlənir. Gecələr yata bilmir, oynaqlarında güclü ağrılar var.
Bəhruz Bayramov, vəkil

Bayramovun sözlərinə görə, dünən, noyabrın 30-da hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəyarlı və Ədliyyə Nazirliyi Yanında Penitensiar Xidmətə Nəzarət İctimai Komitəsinin sədri Əliməmməd Nuriyev Saleh Rüstəmli ilə görüşüb.

“Hüquq müdafiəçiləri Saleh Rüstəmliyə aclığı dayandırması üçün müraciət edib. Lakin, o fikrində israrlıdır. Aclığı davam etdirəcyini və bu həftə quru aclığa keçəcəyini bildirib. Rüstəmli aclığa başlaması barədə ərizəsində də qeyd edib ki, ya fiziki cəhətdən məhv olub həbsdən çıxacaq, ya da azad olunacaq,” o qeyd edib.

Vəkil Saleh Rüstəmlinin məcburi qida qəbulundan imtina etdiyini bildirib.

“Rüstəmli bildirir ki, məcburi qida qəbulu məsələsi olarsa öz bildiyi yoldan istifadə edəcək.”

Bayramovun sözlərinə görə, ziyalıların, QHT rəhbərlərinin, siyasi partiyaların, beynəlxalq təşkilatların rəsmi qurumlara çoxsaylı müraciətlərinə baxmayaraq, hökumətin hələ hər hansı reaksiyası yoxdur.

Saleh Rüstəmov
Saleh Rüstəmov

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Amerikanın Səsinə müsahibəsində bildirib ki, Saleh Rüstəmli 15 kiloqramadək arıqlayıb.

“Amma səhhəti normaldır. Özünü sərbəst aprır. Həkimi ilə görüşdük. O dedi ki, Rüstəmli tam həkim nəzarətindədir. Lazım gələndə qlükoza vururlar. Salehin özündən də soruşduq. Dedi ki, Müalicə Müəssisəsində ona yaxşı baxırlar, ona qarşı hər hansı qeyri-insani rəftar yoxdur. Biz çox narahatıq ki, aclığın fəsadları olmasın, müxtəlif xəstəliklər baş qaldıra bilər.”

Hüquq müdafiəçisi deyib ki, artlıq ölkə prezidentinə müraciət ediblər.

Çalışırıq ki, prezidentin köməkçisi Fuad Ələsgərovla görüşüb, Rüstəmliyə verilən ittihamların yüngülləşdirlməsinə nail olaq ki, o amnistiyaya düşsün.
Novella Cəfəroğlu, hüquq müdafiəçisi

“Çalışırıq ki, prezidentin köməkçisi Fuad Ələsgərovla görüşüb, Rüstəmliyə verilən ittihamların yüngülləşdirlməsinə nail olaq ki, o, amnistiyaya düşsün. Bu adam doğrudan da ləyaqətli insandır. Biz istərdik ki, o azadlıqda olsun. Nəinki Saleh Rüstəmli, bütün siyasi məhbuslar azadlığa buraxılsın ki, beynəlxalq tənqidlərə məruz qalmayaq,” o qeyd edib.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihamı təkzib edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onlar məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG