Accessibility links

Novruz Məmmədovun baş nazir təyinatına reaksiyalar


Novruz Məmmədov
Novruz Məmmədov

Aprelin 21-də Milli Məclis prezident İlham Əliyevin namizdəliyini irəli sürdüyü, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdir Novruz Məmmədovun baş nazir təyin edilməsinə razılıq verib.

Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov bildirib ki, Novruz Məmmədov ən etibarlı və təvazökar məmurdur.

“O Azərbaycan məmurlarına nümunədir”, Seyidov qeyd edib.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Siyavuş Novruzov Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirib.

Novruz Məmmədov deyib ki, Azərbaycan dünyada xüsusi yeri olan dövlətdir.

"Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Ümummilli lider Heydər Əliyevin yoluna daha inamla bağlı olaraq bu yolu davam etdirəcəyik”, o deputatlar qarşısında çıxışında bildirib.

Novruz Məmmədov 15 mart 1947-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində anadan olub.

Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsini bitirib. 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

12 aprel 1997-ci ildə Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1995-ci ildən 1997-ci ilə qədər keçmiş prezident Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

1997-ci ilin aprelində Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

1 iyun 2017-ci ildən Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir.

Azərbaycan, fransız, rus, ingilis dillərini bilir.

Evlidir. Üç övladı və nəvələri var.

Novruz Məmmədovun baş nazir vəzifəsinə təyinatı ictimai-siyasi mühitdə birmənalı qarşılanmayıb. Müxalifətdə olan siyasi partiyalar bu təyinatı ölkənin islahatlara meyilli olmamasının göstəricisi kimi xarakterizə edir. İqtidaryönümlü şəxslər isə Məmmədovun hökumətin siyasətinə daim sədaqətli olduğunu bildirir.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Hakimiyyətin cəmiyyətə sürpriz etmək imkanları hüdudsuzdur

Müsavat Partiyasinin başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, belə görünür ki, Azərbaycan hakimiyyətinin cəmiyyətə sürpriz etmək imkanları hüdudsuzdur.

“Hətta bu hakimiyyətdə Artur Rəsizadədən daha zəif, daha təsirsiz və bacarıqsız vəzifə adamını təsəvvür etmək çətin idi. Tapdılar, Novruz Məmmədov”, o ironiya ilə qeyd edib.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu: Bu təyinat islahatlarla bağlı gözləntilərin dəfnidir

ADR Hərəkatının lideri, iqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinə deyib ki, Novruz Məmmədovun baş nazir postuna təyinatını uğursuz hesab edir .

“Hesab edirəm ki, dövlət başçısı bu təyinatla bir daha göstərdi ki, ölkədə islahatlar aparmağa, çevik və işlək hökümət qurmağa siyasi iradəsi çatmır. Bu təyinat islahatlarla bağlı gözləntilərin dəfnidir. İslahatçı baş nazir ölkədəki dəyişikliklər proqramına malik olmalı və onun aparılmasının məsuliyyətini üzərinə götürə bilən, komandaya malik olan müstəqil şəxs olmalıdır. Növruz Məmmədov islahat aparmaq üçün nə təşkilati qabliyyətə, nə təsərrüfatçılıq bacarğına, nə də ki, peşəkar iqtisadi biliklərə malik deyil. Bu təyinat həm də əvvəlki siyasətin davam edəcəyinin bəyan edilməsi kimi qiymətləndirilməlidir. Bununla dövlət başçısı Nazirlər Kabinetinin əhəmiyyətini daha da aşağı saldı və baş nazir postuinun həmişə nominal olacağına fərman verdi. Hakimiyyət daxilində qruplaşmaları nəzərə alsaq, Novruz Məmmədov keçid dövrünün baş naziri ola bilər. Qruplar arasındakı mübarizənin qalibi onu tezliklə əvəzləyə də bilər.”, iqtisad elmləri doktoru Amerikanın Səinə bildirib.

Zahid Oruc səs verir
Zahid Oruc səs verir

Zahid Oruc: Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır

Prezidentliyə keçmiş namizəd Zahid Oruc facebook səhifəsində yazıb ki, Novruz Məmmədov dövlət sirlərini bilir, qlobal mənafe savaşlarından baş çıxarır və birinci şəxsin yürütdüyü siyasətin strateji hədəflərini bütün dünyagörüşünə hopdurmağı bacarıb.

“O, heç zaman intriqalarda və ya maraq toqquşmalarında ad çıxarmayıb. Hamı qəbul edir ki, ölkəmiz yeni bir dönəmə daxil olur. Cənab İlham Əliyev yüksək ambisiyalı proqramları qarşıya qoyduğundan ona çevik, reputasiyası təmiz və xalqın iqtisadi-sosial çağırışlarını öz üzərinə götürməyi bacaran bir hökumət lazımdır. Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır”, o qeyd edib.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli: Sadəlövcəsinə İlham Əliyevdən islahat gözləyənlər artıq sakitləşsin

AXCP sədri Əli Kərimli facebook səhifəsində yazıb ki, sadəlövhcəsinə İlham Əliyevdən hələ də islahat gözləyənlər artıq sakitləşsin.

“Köməkçisi, çox vaxt qeyri-adekvat açıqlamaları ilə gündəmə gələn, iqtisadiyyat haqda heç bir təsəvvürü olmayan Novruz Məmmədovu baş nazir təyin etməklə İlham Əliyev növbəti dəfə sübut etdi ki, ona islahat, inkişaf, yeniləşmə yox, kürsüsünün təhlükəsizliyi lazımdır. İlham Əliyev zəif və bacarıqsız adamları ona görə ətrafına toplayır ki, əvvəla, belə adamlardan hakimiyyətinə təhlükə görmür, ikincisi onların yanında özünü xeyli bacarıqlı hiss edir. Deyirdik axı, avtoritar hakimiyyət kökündən dəyişməlidir ki, millətin önü açılsın”, Əli Kərimli yazır.

Cəmil Həsənli
Cəmil Həsənli

Cəmil Həsənli: Saxta seçkilərin belə duzlu-məzəli nəticələri olmalı idi

Milli Şuranın sədri Cəmil Həsənli facebook səhifəsində yazlr ki, Novruz Məmmədovun baş nazir vəzifəsinə təyinatı islahat gözləyənlərə tutarlı cavabdır.

“Əgər xatırlayırsınızsa bir neçə gün öncə 11 aprel seçki saxtakarlığı ilə bağlı Novruz Məmmədovun Mir Şahinə verdiyi müsahibəni paylaşıb doyunca gülmüşdük, seçki saxtakarlığının doğurduğu ağır stresi bir qədər atmışdıq. Gülüşün dozası çox olduğundan İlham Əliyev də bu müsahibədən riqqətə gələrək millətin acığına çörəyi "Duz gölün"ndən çıxan Novruz Məmmədovu qoyur baş nazir. İndi nə qədər istəyirsiniz gülün. Saxta seçkilərin belə duzlu-məzəli nəticələri olmalı idi. Amma heç nə olmasa da duz sənayesi geninə-boluna şaxələnəcək, yoxsa xalq xiyarı şorabaya qoymağa duz da tapa bilmirdi. İlham Əliyevin belə duzsuz təyinatından sonra millətimiz duz sarıdan daha əziyyət çəkməyəçək. Bu da sizin üçün islahat! Özü də duzlusundan!” Həsənli ironiya ilə yazıb.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli: Novruz Məmmədov “kompromis baş nazir”dir

REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Novruz Məmmədovun baş nazir təyin edilməsi maraqlı və gözlənilməz addım olub.

“Əslində onu “kompromis baş nazir” kimi qəbul etmək olar. Artıq heç kəsə sirr deyil ki, hakimiyyət daxilində “siyasi elitaların” ciddi rəqabəti var. Əgər 2 böyük “elitanın” olduğunu qəbul etsək, Novruz müəllimin namizədliyi hər iki tərəfi qane edəcək kompromis addımdır. Əgər hər hansı bir qrupu təmsil edən biri seçilsəydi, bu “elitalararası” gərginliyi artıra bilərdi. Bu seçim isə gərginliyin azaldılmasına, maraqların uzlaşdırılmasına xidmət edir. Novruz müəllim həm də keçid dövrü üçün nəzərdə tutula bilər, indiki sərt vertikala söykənən hakimiyyətin icra qolunda Nazirlər Kabineti lazımsız bir qurum kimi görünür. Ola bilər ki, gələcəkdə institut olaraq bu qurum ləğv edilsin, birbaşa prezidentə tabe olan sahələr üzrə vitse-prezidentlik institutları yaradılsın, bu da həm səlahiyyətin, həm də məsuliyyətin bölgüsünə səbəb olsun”, Cəfərli Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG