Accessibility links

Nümayəndələr Palatası Trampın hakimiyyətdən uzaqlaşdırılması səylərini davam etdirir


Demokratların nəzarətində olan ABŞ Nümayəndələr Palatasının vitse-prezident Mayk Pens və Nazirlər Kabineti üzvlərinin Trampı vəzifəsindən kənarlaşdırmaq üçün konstitusiya səlahiyyətlərindən istifadə etmələrini tələb edən qətnaməyə səs verəcəyi gözlənilir.

Təsdiqi gözlənilən bu ölçüyə Pens 24 saat ərzində cavab verməlidir.

Nə Pens, nə də Nazirlər Kabineti 25-ci düzəlişin tətbiqinə dair heç bir açıqlama verməyib.

Bu düzəlişə görə vitse-prezident və kabinet üzvlərinin əksəriyyəti prezidentin hakimiyyətdən uzaqlaşdırılmasına qərar verə bilər.

Tramp və Pens bazar ertəsi Ağ Evdə görüşərək, ötən həftə Kapitoli binasına edilən basqınla bağlı ilk dəfə müzakirələr keçirib.

Administrasiya rəsmisinin bildirdiyinə görə, onlar qanunları pozanların və binaya hücum edənlərin 75 milyon amerikalının dəstəklədiyi Amerikanın birinciliyi hərəkatını təmsil etmədiklərini deyərək, hakimiyyətdə qalan müddətlərini ölkə adından işlərini davam etdirəcəklərinə vəd verib.

Pensin yeni seçilmiş Co Bayden və vitse-prezident Kamala Harrisin qələbə əldə etdiyi seçkilərin nəticələrini ləğv edilməsi iddialarına dəstək verməməsi Trampın qəzəbinə səbəb olmuşdu.

Nümayəndələr Palatası prezident Donald Trampın prezidentliyinin son günlərində onun yenidən impiç edilməsi barədə təşəbbüs irəli sürüb.

Qanunvericilər Trampı keçən həftə Kapitoli binasına hücum edən tərəfdarlarını “üsyana təhrik etməkdə” günahlandırıb.

Trampın dörd illik prezidentlik müddətinin yanvarın 20-də bitməsinə baxmayaraq, dörd səhifəlik impiçment qərarında Trampın “vəzifəsində qalmasına icazə verilsə, milli təhlükəsizlik, demokratiya və Konstitusiya üçün təhlükə olaraq qalacağını nümayiş etdirdiyi" deyilir.

Nümayəndələr Palatası Demokratların az səs çoxluğu ilə bir və ya iki gün müddətində impiçment qətnaməsini səsə qoya bilər. Sənəd 218 Demokrat nümayəndə tərəfindən imzalanıb və bununla 435 üzvlük Palatada hakimiyyətdən gedən Respublikaçı prezidentin əleyhinə heç bir Respublikaçı nümayəndənin səsi olmadan lazım olan çoxluq təmin edilib.

Nümayəndələr Palatası Trampı ilk dəfə 2019-cu ilin dekabr ayında vəzifəsindən sui-istifadə etmək və Konqresin işinə maneə törətmək ittihamları ilə impiç etmişdi. Tramp Ukraynaya Baydenlə bağlı istintaq aparması üçün təzyiq göstərərək, səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilmişdi. Lakin 2020-ci ilin fevral ayında ABŞ Senatı Trampa bəraət vermişdi.

Nümayəndələr Palatasının liderlərinin qətnaməni dərhal Senata göndərib-göndərməyəcəyi məlum deyil.

Trampın hakimiyyətindən sonra belə Senatın impiçmenti təsdiqləməsi onun bir daha federal ofisdə çalışmasını qeyri-mümkün edəcək.

XS
SM
MD
LG