İsrail ABŞ-dan təcili yardım üçün 10 milyard dollar istəyib. Bu barədə “The New York Times” üç mənbəyə istinadən yazır.
Daha əvvəl bildirilmişdi ki, Ağ Ev Konqresdə İsrail və Ukraynaya əhəmiyyətli dərəcədə kiçik məbləğdə - iki milyard dollar məbləğində yardımın ayrılması haqqında qanun layihəsini razılaşdırmağı planlaşdırır.
Maliyyə naziri Canet Yellen daha əvvəl əmin etmişdi ki, Amerika iqtisadiyyatı iki dövlətin eyni vaxtda dəstəyinin öhdəsindən gələ bilər, belə ki, İsrail və radikal HƏMAS qrupu arasında münaqişə Yaxın Şərqdə sabitliyi təhdid edir və ABŞ Ukraynanın Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizəsini dəstəkləməyə davam edir.
New York Times-ın məlumatına görə, konqresmenlər Dəmir Qübbə hava hücumundan müdafiə sistemi üçün İsrailə mərmilər, 155 mm-lik artilleriya sursatları və dəqiq bombalar göndərilməsini müzakirə edirlər. Bu haqda Senatda Demokrat əksəriyyətin lideri Çak Şumer bildirib.
Bayden administrasiyası həmçinin İsraili dəstəkləmək üçün bölgəyə iki təyyarədaşıyan gəmi və 2000 dəniz piyadası da daxil olmaqla çevik qüvvələr göndərəcək. Bu barədə The Wall Street Journal qəzeti Pentaqondakı mənbələrə istinadən yazır. Qəzet onların döyüş əməliyyatlarında iştirak etməyəcəklərini bildirir.
CNN tele kanalı xəbər verir ki, ABŞ dəniz piyadaları orada təxliyə və tibbi və humanitar yardıma cəlb oluna bilər.
Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi Aralıq dənizinin şərqinə Cerald Ford və Duayt Eyzenhauer aviadaşıyıcılarının rəhbərlik etdiyi iki zərbə qrupu göndərmişdi.
İsrailə yardım ABŞ prezidenti Co Baydenin çərşənbə günü oktyabrın 18-nə planlaşdırılan səfəri zamanı müzakirə olunacaq.
Forum