Nyu Yorkdakı 77 polis məntəqəsindən üçündə rusdilli mühacir komandir işləyir və bu, yerli rus icması üçün qürurverici məqamdır.
Nyu Yorkun Tri-State bölgəsində 1,6 milyon rus amerikalı məskunlaşıb ki, onlardan 600 mini Nyu York şəhərində yaşayır. Lakin şəhərin üç polis məntəqəsində keçmiş Sovet İttifaqından olan komandirlərin olması hələ də bir az təəcüblüdür. Nyu York Polis İdarəsinin müfəttiş müavini İqor Pinxasov: “Mən Sovet İttifaqında anadan olmuşam və 1996-cı ildə bütün ailəmlə – anam, atam, qardaşım və kiçik bacımla birlikdə ABŞ-a mühacirət etmişəm. Mən 2004-cü ildə polis orqanlarında polis əməkdaşı kimi işləməyə başladım. Bu gün isə mən Kvinsdəki polis idarəsində müfəttiş müaviniyəm”.
Pinxasov Nyu-York polis idarəsində ilk rusdilli müfəttiş müavini vəzifəsinə iyul ayında təyin edilib.
Oktyabr ayında başqa bir rusiyalı mühacir, Andrey Smirnov Steyten Aylandın polis idarəsinin direktor müavini təyin edilib. Onun rəhbərliyi altında Nyu York Polis İdarəsinə (NYPD) digər rusdilli zabitlər də cəlb edilib. "Bizim rus detektivimiz, çavuşlarımız, leytenantlarımız var. Düzünü desəm, mənim şöbəmdə çoxlu rus var."
Bruklindəki polis məntəqəsinə Belarusun Minsk şəhərində anadan olmuş kapitan Vitali Zelikov rəhbərlik edir. O deyir ki, rus dilində danışmaq bölgəsindəki polislə rusdilli immiqrantlar arasında münasibət qurmağa yardım edir. “Son 17 ildə müxtəlif polis idarələrində işləmişəm, müxtəlif insanlar – immiqrantlar və nəsillər boyu burada yaşayan, imkanlı və o qədər də imkanı olmayanları görmüşəm. Bir çox rusdilli mühacir polis məntəqəsinin yaxınlığında yaşayır və bu dili bilmək həmişə yardım edir. Əsasən də ingilis dilini bilməyənin yardıma ehtiyacı varsa.”
Hər il “Be Proud Foundation” xeyriyyə təşkilatı rusdilli polisləri mükafatlandırır. Nyu York Polis İdarəsinin zabiti Cefri Naddrey: “Mən burada bu gün təltif olunan hər üç komandiri tanıyıram. Onlar həqiqətən yaxşı insanlardır, cəmiyyət üçün çox iş görürlər. Təkcə rus icması üçün deyil, xidmət etdikləri bütün icmalar üçün”.
Tatyana Timoşenkonun oğlu Rassel Timoşenko polis zabiti idi və 2007-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən öldürülüb. Lakin o, bu gün oğlunun zabit yoldaşlarını şərəfləndirmək üçün buradadır. “Onlara nə qədər minnətdar olduğumu və necə xoşbəxt olduğumu ifadə edə bilmirəm. Onların ABŞ-da, oğlumun da işlədiyi Nyu-Yorkda əldə etdikləri işlərə görə minnətdaram və xoşbəxtəm” - deyə, Tatyana Timoşenko bildirir.