Accessibility links

Tramp New York Times qəzetinin məlumatını təkzib edib


ABŞ prezidenti The New York Times qəzetinin Vaşinqtonun Yaxın Şərqə 120 min nəfərlik əsgəri qüvvə göndərəcəyinə dair məlumatını təkzib edib.

"Hesab edirəm ki, bu, saxta xəbərdir. Bunu edə bilərdimmi? Sözsüz. Əgər belə bir planımız olsa, daha çox sayda qüvvə göndərərdik," deyə Donald Tramp Ağ Evdə müxbirlərə bildirib.

The New York Times qəzeti yazıb ki, Ağ ev Yaxın Şərqə 120 min hərbçinin yerləşdirməsini nəzərdə tutan hərbi planları nəzərdə keçirir. Belə bir plan İranın ABŞ qüvvələrinə hücum edəcəyi, yaxud nüvə silahları üzərində işi sürətləndirəcəyi halda gerçəkləşdirilə bilər.

"USS Abraham Lincoln" zərbə aviasiya qrupu Süveyş kanalına daxil olur. 9 may, 2019.
"USS Abraham Lincoln" zərbə aviasiya qrupu Süveyş kanalına daxil olur. 9 may, 2019.

Qəzet mayın 13-də administrasiyadakı anonim rəsmilərə istinadla yazıb ki, Müdafiə nazirinin vəzifəsini icra edən Patrik Şanahan ötən həftə Prezident Donald Trump-ın aparıcı təhlükəsizlik müşavirləri ilə görüşdə bu planları təqdim edib.

Bir neçə plan müzakirə olunub və “ən yaxşı variant kimi 120 min hərbçinin yerləşdirilməsinə baxılıb, bunun tamamlanması bir neçə həftədən bir neçə ayadək çəkə bilər” - qəzet yazıb.

İranın Amerika hədəflərinə hücum planlaşdırması ehtimalına qarşı ABŞ-ın Abraham Linkoln aviadaşıyıcısı və dörd B-52 bombardmançı qrupu Yaxın Şərq bölgəsinə yerləşdirilib.

ABŞ Yaxın Şərqə dörd B-52 bombardmançı təyyarə göndərib.
ABŞ Yaxın Şərqə dörd B-52 bombardmançı təyyarə göndərib.

Birləşmiş Ştatlar döyüş təyyarə gəmisinin çərşənbə günü, B-52 taktik bombardmançı qrupunun isə regiona Hörmüz körfəzi vasitəsilə cümə axşamı daxil olduğunu bildirib.

Amerika hərəkətə keçsə, biz onu başından vuracağıq.
Əmirəli Hacızadə, İran komandiri

İranın İnqilab Qvardiyasının komandiri bazar günü bildirib ki, ABŞ-ın körfəzdə hərbi mövcudluğunu genişləndirməsi bir zamanlar ciddi "təhlükə" kimi qəbul edilirdisə, hazırda bu, "hədəf" mahiyyəti daşıyır.

Qvardiyanın Aviasiya Diviziyasınnın komandiri Əmirəli Hacızadə təhlükənin indi fürsətə çevrildiyini bildirib.

"Amerika hərəkətə keçsə, biz onu başından vuracağıq," Hacızadə deyib.

XS
SM
MD
LG