ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə şənbəgünü telefon söhbəti zamanı Suriya böhranını müzakirə edib. Obama Moskvanın konstruktiv rolunun əhəmiyyətini vurğulayarq, Suriyada mötədil müxalifət qüvvələrinə qarşı hərbi hava kampaniyasını dayandırmağa çağırıb.
Ağ Evin açıqladığı bəyanatda deyilir ki, iki lider telefon söhbəti zamanı fevralın 11-də Suriyaya dair Beynəlxalq Dəstək Qrupunun keçirdiyi görüşdə qəbul olunan qərarlar və əldə edilən razılaşmaları müzakirə edib və Suriyada hərbi əməliyyatların aparıldığı bölgələrdə humanitar imkanların əhəmiyyətini vurğulayıb.
Suriyaya dair Beynəlxalq Dəstək Qrupunun keçən həftə Münhendəgörüşündə ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyada bir həftə ərzində hərbi əməliyyatların dayandırılması, daha sonra isə atəşkəsin əldə edilməsi ilə planı elan edib.
Rusiya Suriyada hərbi hava hücumlarına keçən ilin sentyabr ayında başlayıb. Moskva əsas məqsədin İslam Dövləti qrupunun zəiflədilməsi olduğunu bəyan edib. Lakin Qərb ölkələri hava hücumlarının əsas hissəsinin Suriyada prezident Bəşar Əl-Əsədə müxalif olan mötədil qrupları hədəf aldığını bildirir.
Rusiya bu tənqidləri qətiyyətlə rədd edir.