ABŞ-ın bir çox şəhərində yaradıcı insanların işlətdiyi alternativ kafe və restoranlar var. Bunlardan biri də Vaşinqtonda yerləşən 'Qarsonlar və Şairlər' kafesidir. Kafe 2005-ci ildə açılıb. Bu gün Vaşinqtonun 7 bölgəsində bu kafenin şöbələri fəaliyyət göstərir.
Bu unikal məkanın sahibi İraq əsilli aktivist və sənətçi Endi Şallaldır. O, həmçinin Vaşinqton sakinləri tərəfindən filantrop kimi tanınır.
Qarsonlar və Şairlər kafesi yerli rəssamlar, aktivistlər, yazarların vaxt keçirtdiyi məkanlardan biridir. Buranın mədəni ab-havası içəri girdiyiniz andan sizi bürüyür.
Amerikanın proqressiv gəncliyi bu məkanda bir araya gəlib siyasi və ictimai müzakirələr apara bilir. Bundan başqa məkanın içində kitab dükanı da var. Bu da kafenin məşhurluğunun səbəblərdindən biridir.
Məkanın adının Qarsonlar və Şairlər olmasının səbəbi amerikalı şair Lanqston Hyusun həyat hekayəsidir. O, 1920-ci illərdə yaradıcılıqla məşğul ola bilmək üçün Vardmen Park otelində qarson işləyib. Şallal bu hekayədən ilhamlanıb.
Endi Şallal kafenin adı qədər dizaynına da xüsusi diqqətlə yanaşıb. Kafenin bir neçə zalında Nelson Mandela, Martin Lütter Kinq kimi insan haqları müdafiəçilərinin portretləri asılıb.
Bir neçə divarda çarşaflı müsəlman qadınların şəklini görə bilərsiniz. Daha bir maraqlı fakt isə menyuların dizaynıdır. Bu kafedə əyləşən hər kəs menyunu əlinə alarkən belə bir mesajla qarşılaşır:
“Qarsonlar və Şairlər cəmiyyətində irqi və mədəni əlaqələr şüurlu şəkildə yüksək qiymətləndirilir. Siz bu məkana gələrək öz bədəninizi və ruhunuzu qidalandırırsınız. Bu məkan incəsənət, siyasət və mədəniyyətin birləşdiyi nöqtədir. Biz inanırıq ki, belə məkanlar yaradaraq cəmiyyətdə və eləcə də dünyada müsbət dəyişikliklərə yol aça biləcəyik.”