Accessibility links

Ombudsmanın ölkədən çıxışa məhdudiyyətlərlə bağlı təklifi və ekspert rəyləri


Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) 2020-ci il üzrə Milli Məclisə məruzəsində vətəndaşların ölkədən çıxışına yalnız məhkəmənin qərarı ilə məhudidiyyət tətbiq edilməsi təklifi ilə çıxış edib.

Ombudsman Səbinə Əliyeva məruzəsində bildirib ki, şəxsin ölkədən çıxışına məhdudiyyət yalnız məhkəmə qərarı əsasında qoyulmalı və qəbul edilmiş qərara dair müvafiq şəxsin əlaqə vasitlələrinə (mobil nömrəsinə, elektron poçt və ya ev ünvanına və s.) xəbərdarlıq bildirişinin göndərilməsi ilə bağlı müddəalar qanunvericiliyə əlavə olunmalıdır.

Şəxsin ölkədən çıxışına məhdudiyyət yalnız məhkəmə qərarı əsasında qoyulmalı və qəbul edilmiş qərara dair müvafiq şəxsin əlaqə vasitlələrinə xəbərdarlıq bildirişi göndərilməslidir.
Səbinə Əliyeva, Ombudsman

“Hazırda kredit borcu, vergi borcu, məhkəmə qərarının icrası, istintaqa cəlb edilmə və s. hallarda şəxslərin ölkədən çıxış hüququ müvafiq qurumlar (Vergi Xidməti, Daxili İşlər Nazilriyi, Ədliyyə Nazirliyi və s.) tərəfindən xəbərdarlıq edilmədən məhdudlaşdırılır. Bu barədə vətəndaşa hər hansı bildiriş verilmədiyi üçün ölkədən çıxmaq istəyən şəxs bu barədə yalnız sərhəd-keçid məntəqəsində xəbər tutur və bu da bir çox problemlərə səbəb olur,” o qeyd edib.

Xatırladaq ki, Azərbaycanda ədliyyə, daxili işlər, fövqəladə hallar nazirlikləri, Dövlət Vergi Xidməti, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Gömrük Komitəsi və başqa qurumlar vətəndaşların ölkədən çıxışına məhdudiyyət tətbiq edilməsi barədə qərar qəbul edə bilir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, hazırda "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na görə 11 dövlət qurumu vətəndaşın ölkədən çıxışına qadağa - STOP tətbiq edir.

Hazırda "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na görə 11 dövlət qurumu vətəndaşın ölkədən çıxışına qadağa - STOP tətbiq edir.
Osman Gündüz, QHT rəhbəri

"Yalnız borcu olanlar bunu qabaqcadan öyrənə bilər. Digərləri isə adətən sərhəddi keçərkən, pasport yoxlaması zamanı qadağa ilə bağlı məlumatı əldə edə bilirlər. Bu baxımdan düşünürəm ki, Ombudsmanın təklifi aktualdır və faydalıdır. Ümid edirəm eGov-a cavabdeh qurum və aidiyyatı qurumlar bildiriş sistemini tez bir zamanda hazırlaya biləcəklər,” Osman Gündüz qeyd edib.

Anar Məmmədlinin rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 2013-2015-ci illərdə ölkədən çıxışa qadağalarla bağlı monitoqinq aparıb. O, ombudsmanın təklifini təqdir edir.

Məmmədli Amerikanın Səsinə deyib ki, monitorinq vətəndaş cəmiyyəti fəalları, siyasi partiayaların üzvləri və jurnalistlərin ölkədən çıxışına tətbiq edilən məhdudiyyələri əhatə edib.

“Belə məlum oldu ki, ölkədən çıxışa qadağaların tətbiqində Baş Prokurorluq, Daxili İşlər və Vergilər Nazirlikləri əsas təşəbbüskar strukturlar olub. Bəzi hallarda isə qadağa tətbiq edilən şəxs məhkəməyə müraciət edir, məlum olur ki, məhkəmənin belə qərarı yoxdur.”

Onun dediyinə görə, ölkədən çıxışa qoyulan qadağalarla bağlı ikinci hal da var.

“Şəxs ölkəni tərk edərkən sərhəddə gömrükdə onun çıxışına qadağa ilə bağlı qərar verilir. Bu hallarda vətəndaşı geri, ölkəsinə qaytarırlar. Vətəndaşa məlum olmur ki, hansı səbəbdən onun ölkədən çıxışna qadağa tətbiq edilir. Məsələn, Meydan.tv-nin jurnalistləri bu halla üzləşib.”

Məmmədli hesab edir ki, qadağanın tətbiqində şəffaflıq olmalıdır.

“Əgər vətəndaşın ölkədən çıxışına qadağa tətbiq edilirsə, bu, məhkəmə qəraraı ilə olmalıdır və vətəndaşın özü məhkəmədə iştirak etməlidir. Şəxs özü bilsin ki, hansı dövlət strukturu onun ölkədən çıxışına qadağa qoyulmasını istəyir.”

Onun firkincə, problem yalnız qadağanın tətbiqi ilə bağlı deyil.

“Ölkədən çıxışa qadağanın tətbiqi ilə bağlı əsaslar olmalıdır. Bu əsaslar yetərincə demokratik və proporsional olmalıdır. Yəni, şəxs həqiqətən təqibdədirsə, cinayət təqibindədirsə, yəni törətdiyi hər hansı bir əməl varsa, bununla bağlı məhkəmə qərarı varsa, o zaman qadağa tətbiq edilə bilər. Yoxsa, hər bir struktur qadağa tətbiq edə bilməz və bununla bağlı məhkəməyə müraciət edə bilməz. Bunlar bizdə nəzərə alınmır,” o qeyd edib.

Jurnalist Natiq Cavadlı 2015-ci ildə dostları ilə Gürcüstana gedərkən sərhəddən geri qaytarılıb.

Gürcüstanla sərhəddə, Qazax rayonunda məni, jurnalist Aytən Fərhadovanı və digər dostumu qatardan düşürdülər, Bakıya qaytardılar.
Natiq Cavadlı, jurnalist

“Gürcüstanla sərhəddə, Qazax rayonunda məni, jurnalist Aytən Fərhadovanı və digər dostumu qatardan düşürdülər, Bakıya qaytardılar. Müvafiq orqanlara müraciət etdik və məlum oldu ki, bizim ölkədən çıxışımıza qadağa qoyulub. Səbəbi ilə bağlı müraciət etdik, dedilər araşdırma gedir. Meydan.tv saytı ilə bağlı cinayət işi qaldırılıb və bununla bağlı ölkədən çıxışımıza qadağa qoyulub. Sonra məhkəməyə müraciət etdik. İndi şikayətimizə Avropa İnsan Hüquqları Məhkəməsində baxılır. Kommunikasiya başa çatıb, qərar gözləyirik,” Cavadlı Amerikanın Səsinə deyib.

Bununla yanaşı, bir il əvvəl Cavadlının ölkədən çıxışına qoyulmuş qadağa götürülüb.

XS
SM
MD
LG