Accessibility links

Ombudsmanın nümayəndəsi Bayram Məmmədovla görüşüb


Bayram Məmmədov. [Photo by : Pervane Bayramova]
Bayram Məmmədov. [Photo by : Pervane Bayramova]

İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrup (MPQ) aprelin 5-də Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə (İHOSM) baxış keçirib.

Ombudsman Aparatının məlumatıan görə, MPQ üzvləri orada saxlanan bir sıra şəxsləri, o cümlədən Bayram Məmmədovu da qəbul edərək konfidensial qaydada dinləyib.

“Hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər, sənədləşmə araşdırılıb, habelə onların bir sıra müraciətləri yerində təmin edilib. Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb. Milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib. Başçəkmənin yekunları ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət olunub,” məlumatda qeyd edilir.

Bayram Məmmədov bu il martın 16-da prezidentin əfv sərəncamı ilə azadlığa çıxdıqdan 13 gün sonra polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilərək 30 sutka inzibati həbsə məhkum edilib. Onun həbsi ölkə rəhbərlərini tənqidindən sonraya təsadüf edib.

Gənc fəalla bağlı Sabunçu Rayon Məhkəməsinin martın 30-da verdiyi inzibati həbs qərarından şikayətə aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədov baxıb. Şikayət təmin edilməyib.

Verilən ittihamı qəbul etməyən Bayram Məmmədov məhkəmədə saxlandıqdan sonra işgəncə ilə üzləşdiyini, döyüldüyünü açıqlayıb. Hakim işgəncə şikayətinin araşdırılmasından ötrü prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Siyasi fəal Bayram Məmmədovun bədənindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılmış təsviri.
Siyasi fəal Bayram Məmmədovun bədənindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılmış təsviri.

Yerli mediada və sosial şəbəkələrdə Bayram Məmmədovun işgəncə ilə bağlı izahatı və onun bədənində olan işgəncə işləri ilə bağlı tərtib etdiyi qrafik yayımlanıb. Məmmədov məhkəmədə və izahatında bədənindəki işgəncə izləri ilə bağlı ekspertiza keçirilməsini tələb edib. Lakin Milli Preventiv Qrup onun bu müraciətinə münasibət bildirməyib.

Öz növbəsində Daxili İşlər Nazirliyi mətbuat xidməti fəalın işgəncə ilə üzləşməsi ilə bağlı dediklərinin gerçək olmadığını bildirib.

Bayram Məmmədov bundan öncə digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanmışdı. Rəsmi qurumlar onları narkotikdə ittiham edib. Hər iki gənc 10 il müddətinə azadlıqdan məhrum edilib.

Gənclər məhkəmədə deyib ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə, həbs olunduqlarını bildirib.

Hər iki gənc bu ilin martında imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG