Accessibility links

Ombudsman Aparatında Polad Aslanovun aclıq etdiyini təsdiqləyiblər


Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası
Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası

Ombudsman Aparatının nümayəndələri Bakı İstintaq Təcridxanasında xeberman.com saytının təsisçisivə baş redaktoru Polad Aslanov ilə görüşüblər.

Bu barədə Ombudsman Aparatından Amerikanın Səsinə bildirilib.

Ombudsman Aparatı nümayəndəsi Polad Aslanovun aclıq etdiyini təsdiqləyib. Bununla yanaşı, qurumda qeyd ediblər ki, P.Aslanovun vəziyyəti normaldır, sərbəst hərəkət edir, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmündən şikayətçidir.

P.Aslanov adi kamerada qalır və digər məhbuslardan təcrid edilməyib. Eyni zamanda, Ombudsman Aparatının nümayəndəsinin sözlərinə görə, ona tibbi nəzarət var.

Öz növbəsində, P.Aslanovun xanımı Gülmirə Aslanova bildirib ki, bu gün həyat yoldaşı İstintaq Təcridxanasından zəng edib.

Onun sözlərinə görə, P.Aslanov sağlıq durumunun normal olduğunu, lakin böyrəklərdə ağrı olduğunu söyləyib.

O bildirib ki, apellyasiya şikayətinə ədalətli baxılması təmin olunana qədər aksiyanı davam etdirəcək.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Polad Aslanovun səhhəti ilə hələlik şərh almaq mümkün olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə 2020-ci il noyabrın 16-da Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovu 16 il azadlıqdan məhrum edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir. Məhkəmə bu ittihamı jurnalistin üzərindən götürüb.

Polad Aslanov məhkəmədə ittihamları qəbul etmədiyini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bu yana Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistlərin sərbəst buraxmasına çağırılır.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış başlayıb.

Jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

XS
SM
MD
LG