Accessibility links

Ombudsman Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Suriyadakı vətəndaşlarla bağlı müzakirə aparıb


Martın 19-da Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera və müdafiə üzrə koordinator Emanuela Berting ilə Suriya ərazisində əsir və girov kimi saxlanılan Azərbaycan vətəndaşlarının mövcud vəziyyəti, onların geri qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib. Müzakirələr videogörüntü formatında aparılıb.

Ombudsman Aparatının yaydığı məlumata görə, insan hüquqları üzrə müvəkkil ötən illərdə Suriyada davam etməkdə olan vətəndaş müharibəsində iştirak etmək üçün bəzi vətəndaşların ailələri ilə birlikdə həmin ölkəyə getdiklərini bildirib.

“Hazırda müxtəlif silahlı dəstələrin nəzarətində olan çadır düşərgələrində əsir və girova çevrilmiş insanlar, xüsusilə qadın və uşaqlar dözülməz şəraitdə saxlanılır, yaralı və xəstələr tibbi yardımdan kənarda, baxımsız vəziyyətdə qalıb,” ombudsman qeyd edib.

Suriyada olan şəxslərin yaxın qohumlarından və ailə üzvlərindən çoxsaylı müraciətlər aldığını, həmçinin onları bir neçə dəfə şəxsən qəbul etdiyini deyən Səbinə Əliyeva müvafiq düşərgələrdə olan uşaqların silahlı dəstələr tərəfindən işgəncələrə məruz qaldıqlarını, bəzi uşaqların ailələrindən zorla alındıqlarını və ya qaçırıldıqlarını bildirib.

BQXK-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera Suriya düşərgələrində saxlanılan şəxslərin, xüsusilə uşaqların hüquqlarının müdafiəsinə xüsusi diqqət ayrılacağını deyib.

BQXK-nin müdafiə üzrə koordinatoru Emanuela Bertingi isə Suriyadakı saxlanma yerlərində başçəkmələr aparıldığını, dünyanı cənginə alan koronavirus epidemiyasının ümumi fəaliyyətdə bir sıra çətinliklər yaratdığını, bununla belə, problemin həlli istiqamətində koordinasiyalı şəkildə çalışacaqlarını qeyd edib.

Ombudsman Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin mandatı çərçivəsində Cenevrə Konvensiyalarına uyğun olaraq təxirəsalınmaz tədbirlər görülməsini, o cümlədən Suriyadakı silahlı münaqişənin girovuna çevrilmiş Azərbaycan vətəndaşlarının maraqlarının müdafiəsində, onlar barədə məlumatların dəqiqləşdirilməsində, bu şəxslərin işgəncəyə və qeyri-insani rəftara məruz qalmalarının qarşısının alınmasında, eyni zamanda onlara humanitar dəstəyin, yaralı və xəstələrə tibbi yardımın göstərilməsində, həmçinin Azərbaycana qaytarılmalarında və ailələrinə qovuşmalarında köməklik göstərilməsini xahiş edib.

Ombudsman Aparatının məlumatında Suriyada olan Azərbaycan vətəndaşlarının problemlərindən danışılsa da, onların sayı barədə məlumat verilmir.

Bununla yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin şöbə rəisi Suad Mahmudov 2019-cu ilin fevralında bildirib ki, Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub. Onun sözlərinə görə, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan və Pakistana getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub.

Təsdiqlənməmiş qeyri rəsmi məlumatlara görə, Suriyada olan Azərbaycan vətəndaşlarının 300-dən çoxu döyüşlərdə öldürülüb.

Azərbaycana qayıdanlardan 90-dan çox şəxs barəsində məhkəmə hökmü qüvvəyə minib, o cümlədən, 260-a qədər adamın Azərbaycan vətəndaşlığı ləğv edilib.

Şərhlərə bax

XS
SM
MD
LG