Accessibility links

Ombudsman: ‘Emin Aslan DİN-in saxlama məntəqəsindədir’


Emin Aslan
Emin Aslan

Hüquqşunas Emin Aslanın iyunun 5-də inzibati qaydada həbs edilməsi məsələsini Ombudsmanın araşdırdığı bildirilir. Bu haqda Ombudsman Aparatı məlumat yayıb.

Məlumatda vurğulanır ki, Emin Aslanı iyunun 4-də günorta saatlarında Dənizkənarı Milli Parkda mülki geyimli şəxslərin saxlayaraq naməlum istiqamətə aparmaları haqqında məlumatlara qurum aydınlıq gətirib.

Aparat Ombudsman Elmira Süleymanovanın daxili işlər nazirinə Emin Aslanın yerinin müəyyən edilməsi və hüquqlarının təmin olunması ilə bağlı müraciət etdiyini bildirir.

Qurum qeyd edir ki, inzibati qaydada həbs olunmuş Emin Aslan hazırda Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlama məntəqəsindədir.

Ombudsman Emin Aslanovun məsələsinin araşdırmasının davam etdiriləcəyini açıqlayıb.

İyunun 4-də saxlanılan hüquqşunas Emin Aslan inzibati qaydada həbs edilib.

İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə günahlandırılan E. Aslana Nərimanov Rayon Məhkəməsi 30 sutka inzibati həbs verib.

Onun məhkəməsinin vəkilinin iştirakı olmadan keçirildiyi bildirilir.

Xatırlatma

Emin Aslanı iyunun 4-də günortadan sonra «Park Bulvar» alış-veriş mərkəzində özlərini təqdim etməyən 3 nəfərin saxladığı bildirilirdi.

Yaxınlarının dediyinə görə, onlar hadisə ilə bağlı hələ iyunun 4-də Daxili İşlər Nazirliyinə (DİN) müraciət etmişdilər. Verilən məlumata görə, onlara nazirliyin “102” xidmətindən ərazi üzrə polisə müraciət olunması tövsiyə olunmuşdu.

Üstəlik, Emin Aslanın vəkili onun saxlandığı ehtimal edilən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də getmişdi. Ancaq dostlarının bildirməsinə görə, əvvəlcə hüquqşünasın bu idarədə saxlandığı təsdiq edilməmişdi. Sonradan isə onun elə həmin idarədə olduğu açıqlandı.

Hüquqşünas Emin Aslan son 6-7 il ərzində, əsasən, müxtəlif qeyri-hökumət təşkilatları (QHT) və beynəlxalq qurumlarla əməkdaşlıq edib.

Emin Aslan 2014-cü ildən sonra bir müddət Gürcüstanda yaşayıb və işləyib. İki ilə əvvəl isə o ABŞ-dakı Sirakuz Universitetinə daxil olub.

Emin Aslan 5 gün əvvəl Bakıya dönüb.

XS
SM
MD
LG