Accessibility links

Ombudsman jurnalistin cərimə kamerasına salınmadığını deyir


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Jurnalist Əfqan Muxtarlının cərimə kamerasına (kars) salınması barədə yayılan məlumatları ombudsman təkzib edir.

Bu barədə jurnalistin yaxınları bildiriblər.

Yaxınlarının bildirdiyinə görə, bununla bağlı ombudsman Elmira Süleymanovadan Əfqan Muxtarlı ilə bağlı məktub gəlib.

Bir müddət əvvəl Əfqan Muxtarlı vəkilləri vasitəsilə ombudsmana ərizə ilə müraciət etmişdi. Müraciətdə Əfqan Muxtarlının saxlandığı 16 Saylı Cəzaçəkmə Müəssisəsində əsassız olaraq cərimə kamerasına (kars) salındığı, digər qanunazidd hərəkətlərə məruz qaldığı vurğulanır və bunların araşdırılması istənilirdi. Ombudsmandan həmçinin, Əfqan Muxtarlının həftədə bir dəfə xarici ölkədə yaşayan ailəsi ilə Skype vasitəsilə əlaqə saxlamasına köməklik göstərilməsi istənilirdi.

Ombudsman Elmira Süleymanovanın cavab məktubunda bildirilir ki, ərizədə göstərilən halların araşdırılmasından ötrü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edilib. Ombudsman Əfqan Muxtarlının vəkillərini və yaxınlarını Penitensiar Xidmətdən aldığı cavabla bağlı məlumatlandırıb.

Həmin məlumatda qeyd edildiyinə görə, ombudsmana cavab verilib ki, Əfqan Muxtarlı cəza çəkdiyi dövrdə fiziki və mənəvi təzyiqlərə məruz qalmayıb, zəruri maddi-məişət şəraiti ilə təmin olunaraq qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından tam qaydada istifadə edib.

Həmçinin Əfqan Muxtarlının Skype vasitəsilə ailəsi ilə əlaqə saxlamaq istəyinə də münasibət bildirilib.

"Eyni zamanda, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində məhkumların internet vasitəsilə yaxın qohumları və digər şəxslərlə əlaqə saxlamaları nəzərdə tutulmamışdır", deyə qeyd edilib.

Oktyabrın ortalarında Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva jurnalistin özünə istinadən onun cərimə kamerasına salındığını açıqlayıb.

Əfqan Muxtarlı dövlət sərhədini qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək barədə ttihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist 2017-ci ilin mayında Tbilisinin mərkəzində Gürcüstanın polis işçiləri tərəfindən saxlanılıb və Azərbaycan nümayəndələrinə təhvil verilib.

Amnesty İnternational təşkilatı onu "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG