Accessibility links

Ukrayna ombudsmanının Saakaşvili ilə görüşünə icazə verilməyib


Ukrayna ombudsmanına Gürcüstanda həbsxana xəstəxanasında aclıq aksiyası keçirən Ukrayna vətəndaşı olan sabiq prezident Mixeil Saakaşvilini görməsinə imkan verilməyib.

Gürcüstanın Ədliyyə naziri Rati Breqadze noyabrın 16-da bildirib ki, Lyudmila Denisova Saakaşvili ilə görüşə bilməz, çünki “Gürcüstan qanunları belə bir səfəri nəzərdə tutmur”.

"Buna ehtiyac yoxdur və bizim belə bir öhdəliyimiz yoxdur", - deyən Breqadze Saakaşvilinin səhhətinin qənaətbəxş olduğunu və narahatlığa əsas olmadığını bildirib.

Breqadze, həmçinin Denisovanı ötən ayın əvvəlində Saakaşvili ilə görüşdən sonra verdiyi açıqlamaya görə tənqid edib. Ombudsman Saakaşvilidən sitat gətirərək qeyd etmişdi ki, ona tibbi yardım göstərilmir.

"Xanım Denisova sonuncu dəfə Saakaşvili ilə görüşərkən birtərəfli bəyanat verdi. O, bizdən məlumatın doğru olub-olmadığını belə soruşmadı" - deyə, Breqadze bildirib.

Noyabrın 16-da səfərinin rədd edilməsindən xəbər tutan Denisova bildirib ki, indi Saakaşvilinin səhhəti ilə bağlı konkret məlumat almaq üçün penitensiar xəstəxananın rəhbərliyi və həkimləri ilə görüşməyə çalışacaq.

"Bu məqamda Saakaşvilinin səhhəti və sağlamlığının kəskin şəkildə pisləşəcəyi təqdirdə ona kömək etməyin mümkün yollar ilə bağlı mübahisəli məlumatlarımız var" - deyə, Denisova jurnalistlərə bildirib və əlavə edib ki, Breqadze onunla şəxsən görüşmək xahişinə cavab verməyib.

Bir gün əvvəl Tbilisiyə gedən Denisova bildirib ki, Saakaşvili ona səhhətinin pisləşdiyini şəxsən deyib.

Gürcüstan hakimiyyəti artıq bir neçə avropalı siyasətçinin Saakaşviliylə görüşünü rədd etmişdi.

Noyabrın 15-də Gürcüstanın Xüsusi Penitensiar Xidməti (XPX) də Saakaşvilini mənimsəmə ittihamı ilə onun məhkəmə prosesində iştirakına qadağa qoyub, bunun təhlükəsizlik riski yaradacağını və aclıq aksiyasının yeddinci həftəsində olduğu üçün keçmiş prezidentin səhhətini pisləşdirəcəyini bildirib.

XS
SM
MD
LG