Dünya boyu koronavirusa yoluxma hallarının artması bir sıra ölkələrdə səhiyyə sistemləri üçün həqiqi sınağa çevrilib. ABŞ-da yeni omikron variantının sürətlə yayılması bayram mövsümü səfərlər və tədbirlərin təxirə salınmasına səbəb olub. ABŞ prezidenti Co Bayden keçən həftə xəstəxanalara dəstək məqsədilə min nəfərdən ibarət hərbi personal göndərilməsi və qoruyucu avadanlıq ehtiyatlarının toplanması planlarını açıqlayıb.
ABŞ-da yüzlərlə daxili uçuş bayram mövsümü təxirə salınıb. Milad bayramı ərəfəsində koronavirusun omikron variantına yoluxmaların artdığı fonda daha çox pilot və aviasiya işçilərinin xəstələndiyi haqda xəbərlər verildiyi vaxt avia şirkətlər minlərlə uçuşu dayandırdıqlarını elan edib.
Lakin Nyu Cersi ştatında Nyuvark aeroportu kimi bəzi hava limanlarında uçuşlar adəti üzrə davam edir.
“Mən bura dəfn üçün gəlmişəm, mənim üçün mühüm bir insan olduğu üçün səfər etmək qərarı verdim. Səfərə çıxıb-çıxmamaq haqda qərar verəndə mən hansı riskə getdiyimi bilirəm. Amma bəzən söhbət sənin özündən getmir. Bu, həyatda daha vacib olan bəzi şeylər haqqındadır. Ona görə də səfər etmək qərarına gəldim. Lakin ilin bu vaxtında səyahət edərkən üzləşdiyim risklərin fərqindəyəm”, hava limanında səfəri davam etdirən Şeldon Vilyams bildirib.
Səhiyyə ekspertləri hava limanında hər kəsin omikron variantına yoluxma riski ilə qarşılaşa biləcəyi barədə xəbərdarlıq edir. Lakin Cənubi Afrika və Britaniyadan verilən məlumatlar omikron infeksiyalarının artmasının xəstəxanaya yerləşdirilmə və ya ciddi xəstəliklə nəticələnmə ehtimalının az olduğunu göstərərək, ümidverici proqnozlara işarə edir. Bununla belə, prezident Baydenin baş tibbi müşaviri Antoni Fauci ABC tele kanalına müsahibədə bunun hələlik tam aydın olmadığını deyib.
“Bu qədər yüksək həcmdə yeni yoluxma halları olduqda, bu, ciddi nəticələnmə ehtimalının real azalmasına üstün gəl bilər. Beləliklə, əgər çox sayda, olduqca böyük sayda xəstə insan varsa, bu, müsbət effekti bir növ neytrallaşdıra bilər”, Prezident Baydenin baş tibbi müşaviri Antoni Fauci bildirib.
Fauci prezidentin artan yoluxma hallarının qarşısının alınmasına kömək məqsədilə hərbi personalın ABŞ xəstəxanalarında dəstək xidmətlərinə cəlb olunması, eləcə də testlərin artırılması və fərdi qoruyucu vasitələr ehtiyatlarının yığılması ilə bağlı çoxşaxəli planını yüksək qiymətləndirib. Bununla belə, o, vaksinasiyanın xəstəliyin qarşısını almağın yeganə ən yaxşı yolu olaraq qaldığını deyib.
“Biz xüsusilə peyvənd olunmayanlar qrupunda olan insanlardan narahatıq. Vaksin oluna bilən onlarla və on milyonlarla amerikalı var, lakin onlar peyvənd olunmayıblar. Onlar omikron kimi insanları yoluxdurmaqda qeyri-adi dərəcədə təsirli olan bir virus qarşısında olduqca həssas olurlar”, Antoni Fauci bildirib.
Omikron variantının yaratdığı təhlükə və bir çox uçuşların təxirə salınmasına baxmayaraq, Ronald Reyqan adına Vaşinqton hava limanı Milad bayramı günləri turistlərlə dolu idi.
Hazırda omikron variantı ABŞ-da bütün yoluxma hallarının təxminən dörddə üçünü təşkil edir. Medianın verdiyi məlumatlara görə, yeni yoluxma hallarının sayı hər gün artmaqda davam edir.