Accessibility links

Bayden Omikron variantının yayılmasının qarşısını almaq səylərini açıqlayacaq


Bayden administrasiyasının koronavirusun yeni aşkar edilmiş Omikron variantının yayılmasının qarşısını almaq səylərinin bir hissəsi olaraq ABŞ-a daxil olan bütün beynəlxalq səyahətçilər üçün daha sərt sınaq tələblərinin hazırlaşdığı bildirilir.

Xəbər agentlikləri bildirir ki, administrasiya, həmçinin peyvənd statusundan asılı olmayaraq ABŞ-a daxil olan hər kəsdən yola düşməzdən bir gün əvvəl COVID-19 testindən keçməyi tələb edəcək.

Bütün səyahət edənlərə gəldikdən sonra yeddi gün ərzində karantin tələbinin qoyulub-qoyulmayacağını və bütün xaricə səyahət edənlərin ABŞ-a daxil olduqdan sonra üç-beş gün ərzində yenidən sınaqdan keçirilməsi müzakirə edilir.

Prezident Co Baydenin administrasiyanın yeni strategiyasını cümə axşamı açıqlayacağı gözlənilir.

ABŞ, keçən həftə Afrikanın cənubunda Omikron variantının ilk dəfə aşkarlanmasından bəri xarici səyahətçilərə bəzi məhdudiyyətlər və ya açıq qadağalar tətbiq edən ölkələr siyahısına qoşulur.

Yaponiya bildirib ki, Omikron variantının yayılmasına cavab olaraq bütün beynəlxalq hava daşıyıcılarından ölkəyə uçuşlar üçün yeni rezervasiyaları dekabrın sonuna qədər dayandırmağı xahiş edəcək.

Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin bu addımı Tokionun yeni variantın ikinci yoluxma halını təsdiqlədiyi vaxta təsadüf edir.

Yaponiya cümə axşamı günündən etibarən Cənubi Afrikadan və ya Afrikanın digər doqquz cənub ölkəsindən səyahət edən bütün əcnəbi vətəndaşların Yaponiyaya girişini qadağan edir.

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı tam peyvənd olunmamış və diabet kimi xroniki hallar səbəbindən COVID-19-a yoluxduqları təqdirdə ağır xəstələnmə və ya ölüm riski olan insanlara yoluxma sürətinin yüksək olduğu bölgələrə səyahətlərini təxirə salmağı tövsiyə edir.

XS
SM
MD
LG