Accessibility links

16 ştat Trampı məhkəməyə verir


ABŞ prezidenti Donald Tramp

ABŞ-ın on altı ştatı prezidentin sərhəddə divar inşa edə bilmək üçün milli fövqəladə vəziyyət elan etməsi səbəbilə Tramp administrasiyasını məhkəməyə verir.

Kaliforniya başda olmaqla bir neçə digər ştatın baş prokurorları bazar ertəsi ABŞ-ın Kaliforniyanın Şimali Dairə Məhkəməsinə müraciət edib.

Şikayətdə fövqəladə vəziyyətin qeyri-qanuni və qeyri-konstitusion olduğu və narkotiklə mübarizə proqramları, milli inşaat layihələri və digər hüquq-mühafizə proqramlarına ayrılan pulları alaraq ştatlarla onların sakinlərinə ziyan vurduğu iddia olunur.

Şikayətdə məhkəmədən Tramp administrasiyasına divar tikmək üçün hökümətin digər sahələrindən pul çəkməsinə və ya Konqresin bu məqsədlə pul ayırmadığı təqdirdə divar inşa etməsinə həmişəlik qadağanın tətbiq olunması tələb olunur.

Kaliforniyanın baş prokuroru Havier Beserra
Kaliforniyanın baş prokuroru Havier Beserra

Bir ətraf mühit qrupu və divarın inşa ediləcəyi ərazidə üç texaslı torpaq sahibi artıq məhkəməyə müraciət edib.

Ağ Ev hələ ki, məsələ ilə bağlı reaksiya verməyib. Lakin onlar fövqəladə vəziyyətin elanı ilə bağlı məhkəməyə veriləcəklərini gözləyirdi.

Tramp fövqəladə vəziyyəti Konqresin sərhəd təhlükəsizliyi üçün ayırdığı puldan razı olmadığı üçün elan etdiyini bildirib.

"Mən bunu tez etmək istəyirəm. Mən divarı uzun zaman ərzində inşa etdirə bilərdim. Bunu etməyimə də ehtiyac qalmazdı. Amma mən divarı daha sürətli şəkildə inşa etməyə üstünlük verirəm” - deyə Tramp fövqəladə vəziyyət bəyannaməsini imzalayarkən deyib. Lakin onun bu sözləri məhkəmədə onun administrasiyasının əleyhinə işləyə bilər.

Jurnalist Bob Vuduord Fox News-a bildirib ki, o, Trampın “güclü görsənmək” üçün fövqəladə vəziyyət elan etdiyini düşünür. “O bir çox insanın qarşısında güclü görsənir”, Vuduord söyləyib.

Tramp 2016-cı il prezident seçki kampaniyası zamanı divar tikəcəyini və bu divarın pulunu Meksikanın ödəyəcəyini vəd edirdi. Lakin prezident seçiləndən sonra Meksikanın birbaşa pul ödəməyəcəyini və bu pulun yeni Şimali Amerika ticarət razılığının imtiyazlarından gələcəyini söylədi.

Meksika liderləri isə deyib ki, onlar heç bir şəraitdə sərhəddə divar üçün pul ödəməyəcək. Tramp da o zamandan bəri Konqresdən pul almağa çalışır.

XS
SM
MD
LG