Accessibility links

Robert Steere: Müstəqil jurnalistlər beynəlxalq ictimaiyyətin etibar etdiyi ən yaxşı KİV-lərin özəyini təşkil edir


On-Line
On-Line

“Yeni alternativlər: jurnalistlər üçün on-line hüquqi təhsil” mövzusunda konfrans keçirilib

Media Hüquqları İnstitutu (MHİ) ABA CEELİ (Amerika Hüquqşünaslar Assosiasiyası) ilə birgə “Yeni alternativlər: jurnalistlər üçün on-line hüquqi təhsil” mövzusunda konfrans keçirib.

MHİ direktoru Rəşid Hacılının sözlərinə görə, bu gün jurnalistlərin hüquqi təhsili məsələsi aktualdır. Bu səbəbdən ABA CEELİ ilə birgə hüquq məktəbi layihəsi yaradılıb (http://www.medialaw.az).

“Müstəqil jurnalistlər həmişə daha az təminatlı olur və daha çox fiziki və psixi təzyiqlə qarşılaşırlar. Buna görə onlar beynəlxalq ictimaiyyətin etibar etdiyi ən yaxşı KİV-lərin özəyini təşkil edirlər”, ABA CEELİ rəhbəri Robert Steere belə hesab edir.

Müstəqil jurnalist yüksək səriştə əldə etmək üçün bacarıqlarını inkişaf etdirməli, praktik kurslara getməlidir. Müvafiq xarakter, maneələrin aradan qaldırılmasında ardıcıllıq və insanlarla əlaqə qurmaq, lazımi informasiya mənbələrini tapmaq bacarığı olmadan yaxşı jurnalist olmaq mümkün deyil.

Söz azadlığı olmadan hüquqi dövlət ola bilməz, çünki o, cəmiyyətin maraqları ilə birlikdə hakimiyyətin bütün qollarının davranış meyarlarını müəyyən edir. Məhz buna görə, ölkənin gələcəyinə görə məsuliyyətin böyük hissəsi jurnalistlərin üzərinə düşür, deyə amerikalı hüquqşünas bildirib.

Konfrans iştirakçıları yerli və Qərb ali məktəblərində jurnalistika təhsilinin səviyyəsini, jurnalistika təhsilinin keyfiyyət meyarlarını, cəmiyyətin məlumatlandırılmasının yeni metodlarını, habelə mətbuatın, elektron KİV-in və İnternet nəşrlərin inkişafı təmayüllərini müzakirə edib.

Media Hüquqları İnstitutunun (MHİ) direktoru Rəşid Hacılı deyib ki, son illər Azərbaycanda ifadə azadlığı sahəsində yeni tendensiyalar təkcə çap KİV-lərinə deyil, həm də on-line mediaya təzyiq faktları, habelə jurnalistlərin təqibi coğrafiyasının genişlənməsi olub.

Hazırda Azərbaycanda Facebook iştirakçılarının sayı 900 minə çatır, Youtube auditoriyası sürətlə genişlənir.

İnternet çap KİV-lərinin geniş yayılması üçün şərait olmayan regionlarda da on-line medianın inkişafı üçün imkanlar yaradıb. “Resurslar və infrastruktur olmadığı üçün qəzet açmaq çətindir, xüsusən regionlarda. İnternet vasitəsilə isə istənilən materialları, o cümlədən video yaymaq olar”, deyə MHİ direktoru bildirib.

Hacılı regionlarda həbs edilmiş jurnalistlərin və fəalların sayının artmasının təsadüfi olmadığını deyib. Hacılı daha bir səciyyəvi tendensiya kimi dini yönlü on-line media jurnalistlərinin təqibini qeyd edib. Azərbaycanda ümumilikdə 7 on-line jurnalist həbsdədir, deyə Hacılı bildirib.

Hacılı jurnalistlərin diffamasiya ittihamı ilə həbsinə son qoyulmasını yeni tendensiya adlandırıb. Bunun əvəzinə jurnalistlər qanunsuz narkotik saxlama, xuliqanlıq və s. ittihamlar ilə məsuliyyətə cəlb edilir.
Hakimiyyətin ən son “nou-xau”su jurnalistlərin ictimai asayişi pozmaqda ittiham olunmasıdır.

Belə ki, Xəyal TV jurnalistləri rayon icra başçısının xalq iğtişaşlarına səbəb olan təhqiredici ifadələrini İnternetdə yerləşdirməkdə ittiham ediblər. Fərəməz Allahverdiyev Şüvəlanda eyni şeyi etmək çağırışı ilə İnternetdə yayılan videoyazıda ittiham edirlər. Hacılının sözlərinə görə, Allahverdiyev sonda zarafatla yazıb: “Kibrit və nöyüt məndən”.
Hüquqşünas vətəndaşların sosial şəbəkələrdə nəticəsi olmayan ifadələrinə görə təqibini əsassız sayır.

Hacılı jurnalistlərə qarşı mənəvi təzyiqi daha bir problem olaraq qeyd edib. Məsələn, jurnalistlərin şəxsi həyatından kadrların İnternetdə yayılması, “İki sahil”, “Yeni Azərbaycan” və “Səs” kimi hökumətyönlü qəzetlərdə tənqidi nəşrlərlə müşaiyət olunması kimi. Lakin məhkəmələr bu qəzetləri məsuliyyətə cəlb etmədi, prokurorluq isə şəxsi həyata müdaxiləni araşdırmadı.

Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev dünyada mətbuat təhlükəsizliyi məsələsində qanunvericiliyin təkmilləşdirilməsinə deyil, təcrübi tədbirlərə üstünlük verirlər. Belə ki, hər üç öldürülən və ya döyülən jurnalistdən ikisi siyasi və korrupsiya əleyhinə ifadələrin qurbanı olurlar. 70% hallarda jurnalistlərə əvvəlcə xəbərdarlıq edilir, buna görə o, jurnalistlərə qarşı bu təhlükələr haqqında on-line xəbərdarlıq sistemi yaratmağı təklif edib. Bunu xüsusi proqramlarla mobil telefonlar vasitəsilə həyata keçirmək olar. Jurnalist təhlükə hiss edirsə, düyməyə basaraq həmkarlarına bu barədə xəbərdarlıq edir.

“Yeni Müsavat” qəzetinin redaktoru Rauf Arifoğlu qeyd edib ki, yeni medianın inkişafına baxmayaraq, hakimiyyət çap KİV-lərinə təzyiq göstərməkdə davam edir.

Xüsusən, “Yeni Müsavat” qəzetinə qarşı 2 mln. manatdan çox məhkəmə iddiaları qaldırılıb və artıq 55 min manatlıq cəzalar tətbiq edilib. Bu iddialar dövlət idarələri və ayrı-ayrı məmurlar tərəfindən qaldırılıb.
Digər müxalif qəzet – “Azadlıq” da analoji problemlərlə qarşılaşıb. Qəzet Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədovun və digərlərinin iddiası ilə 30 min manat cərimə olunub.

“Azadlıq” qəzetinin redaktoru Rəhim Hacıyev iddiaların qəzetin İlham Əliyevin dünyada ən bahalı saatı taxdığı haqqında məlumatı dərc etməsindən sonra verildiyinə diqqət çəkib. “Bizdən təkzib tələb etdilər. Əliyevin hansı saatı taxdığını bildirsələr və onun var-dövləti haqqında məlumatlar dərc edən xarici KİV-lərə qarşı iddia qaldırılsa, məmnuniyyətlə təkzib dərc edəcəyimizi bildirdik”, deyə Hacıyev qeyd edib.

O, həmçinin bildirib ki, “Qasid” dövlət firması qəzet satışından 35 min manat pulu ödəməkdən imtina etdiyi üçün qəzet bağlanma təhlükəsi ilə üzləşib.

Konfransda həmçinin “Jurnalist-hüquqşünas” münasibətləri kitabı təqdim edilib. Kitabda qanunvericilik haqqında məlumat və jurnalistlərin təhlükəsizliyinin və hüquqi müdafiəsinin təmin edilməsi üzrə təcrübi tədbirlər yer alır.

Kitab MHİ və Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELİ) tərəfindən dərc olunub.
XS
SM
MD
LG