Accessibility links

Maykl Kohen keçmiş prezidentin təqsirli tanınmasını istədiyini deyib


Maykl Kohen. 14 may, 2024.
Maykl Kohen. 14 may, 2024.

Prezident Donald Trampın bir zamanlar vəkili olmuş Maykl Kohen çərşənbə axşamı Nyu Yorkda münsiflər məhkəməsinə bildirib ki, o, Trampın təqsrili tanınmasını istəyir.

Kohenə suallar ünvanlayan Trampın müdafiə vəkili Todd Blanş onu 2018-ci ildə Trampa üz çevirənə qədər illər boyu onun istədiyi hər şeyi edən Trampa sadiq biri kimi təsvir edib.

İndi isə Blanş iddia edib ki, Kohen hələ də Trampa düşgündür, Tramp əleyhinə şüaların yazıldığı mallar və Trampla bağlı yazdığı kibtabları satmaqla pul qazanır və ona üz döndərdiyi üçün Trampdan qisas almaq niyyətindədir.

“Prezidentin bu işdə təqsirli bilinməsini istəyirsənizmi?” Blanş Kohendən soruşub.

“Bəli,” deyə Kohen cavab verib.

İki gün ərzində doqquz saat boyunca prokuror Suzan Hoffinger tərəfindən dindirilən Kohen 12 üzvlük münsiflər məhkəməsinə deyib ki, Tramp 2016-cı il seçkisindən öncə ona porno ulduz Stormi Danielsə susması üçün 130 000 dollar ödəməsinə göstəriş verməklə səsvermənin nəticəsinə təsir göstərməyə çalışıb.

Kohen deyib ki, məqsəd Danielsin on il öncə Trampla bir gecəlik münasibətinə dair iddiası ilə bağlı səssizliyini təmin etmək idi. Tramp Danielslə münasibətini və Nyu Yorkda üzləşdiyi 34 ittihamların hamısını rədd edir. Bu ilk dəfədir ki, ABŞ prezidenti cinayət mühakiməsi ilə üzləşir.

Təqsirli bilinsə, ona şərti cəza verilə və ya dörd ilə qədər həbs oluna bilər.

2024-cü il prezident seçkisində Repsublikaçıların gözlənilən namizədi olan Tramp Kohenə susması üçün ödədiyi 130 min dolların kompensiyasını hüquqi xidmət üçün ödəniş kimi gizlətmək məqsədilə Trump Organization daşınmaz əmlak təşkilatında biznes qeydlərini saxtalaşdırmaqda ittiham olunur.

Ancaq Kohen ifadəsində bildirib ki, Tramp Kohenə Danielsə susması üçün ödədiyi pulun geri qaytarılacağını Tramp 2017-ci ilin yanvar ayında vəzifəsinin icrasına başlayandan üç ay sonra Ağ Evdə keçirilən görüş daxil olmaqla iki dəfə təsdiqləyib.

Kohen 2018-ci ildə Trampa üz çevirəndən sonra Amerika xalqından “onlara yalan dediyinə, vətəndaşların ölkənin ən ali vəzifəsinə namizəd olan şəxslə bağlı qərar vermələri üçün haqları olan məlumatı gizlədəcək şəkildə hərəkət etdiyinə görə” üzr istədiyini bildirib.

Kohen daha öncə susmaq üçün ödənişlə əlaqədar kampaniya maliyyə qaydalarını pozmaq və Konqres panelinə Moskvada inşası planlaşdırılan amma həyata keçirilməyən Trump Tower layihəsi ilə bağlı yalan danışmaq da daxil olmaqla bir neçə ittiham üzrə təqsirli olduğunu etiraf edib.

O, 13 ay yarım federal həbsxanada, bir il yarım isə ev dustaqlığında qalıb.

Tramp Kohenin ifadəsini çox vaxt gözləri bağlı bir şəkildə dinləyib. O daha sonra müxbirlərə “Məncə çox yaxşı bir gün oldu” deyib.

Blanşın suallarını cavablandırarkən Kohen münsiflər məhkəməsinə bildirib ki Tramp, 2015-ci ildə Nyu Yorkda Trump Tower-da eskalatordan enərək Amerika siyasətinə daxil olarkən “Mən ona son dərəcə heyran idim.”

O deyib ki, Tramp ona, 2016-cı il istisna olmaqla illik 375 min dollar və bonus olaraq hər il 150 min dollar pul ödəyib.

“Bəli, həmin zaman Trampa sitayiş kultuna dərin batmış vəziyyətdə idim,” Kohen deyib və əlavə edib ki, “Mən yalan demirdim, mən belə hiss edirdim.” O bildirib ki, bir nöqtədə o, “müdir” adlandırdığı bu insan üçün güllələnməyə belə hazır idi və Tramp və onun yaxın qohumlarını öz ailəsi olaraq görürdü.

Amma bu, Federal Təhqiqat Bürosu agentləri 2018-ci ilin aprelində, Danielsə ödənişi ilə bağlı xəbərin ictimaiyyətə məlum olmasının ardınca onun o zamanlar evi olan Nyu York otelindəki otağında axtarış aparmasından sonra dəyişib.

Onun sözlərinə görə, agentlər onun mobil telefonlarını və çox sayda sənədini ələ keçirib.

Kohen reyd səbəbilə qorxduğunu amma Trampın ona “Narahat olma. Mən Birləşmiş Ştatların prezidentiyəm. Burada heç nə yoxdur. Hər şey yaxşı olacaq. Möhkəm ol. Yaxşı olacaqsan” dediyini bildirib.

Kohen deyib ki, bu, onun Trampla son danışığı olub və bundan qısa müddət sonra Tramp və onun müttəfiqləri Koheni müdafiə etmək məqsədilə hüquqi xidmətlər üçün ödəniş etməkdən çəkinməyə başlayıblar. Kohen deyib ki, həyat yoldaşı və uşaqlarının onun Trampa sədaqətini sual etməsindən sonra o, Trampa üz çevirib.

“Ailəm – həyat yoldaşım, qızım, oğlum - hamısı mənə “Niyə bu qədər sadiqsən? Sən nə edirsən? Sən birinci bizə sadiq olmalısan” dedilər.”

“Mən də ailəmlə olan söhbətimə əsasən qərar verdim ki, bundan sonra Prezident Tramp üçün yalan danışmayacağam,” o ifadəsində bildirib .

Trampın yalnız bir ailə üzvü, ikinci oğlu Erik arabir artıq beş həftədir davam edən məhkəmədə iştirak edib. Ancaq məhkəmə prosesi getdikcə daha çox siyasiləşməyə başlayıb. Belə ki, Tramp Respublikaçı tərəfdarlarını Nyu Yorka gələrək, ona dəstək nümayişi olaraq məhkəmə zalında oturmağa çağırıb.

Tramp noyabrda keçiriləcək seçkidə Respublikaçıların prezidentliyə gözlənilən namizədidir və onun 2020-ci il seçkisində onu məğlub edən Demokrat Co Baydenə qarşı yarışacağı gözlənilir.

Bazar ertəsi keçirilən məhkəmə iclasında senatorlar Tommi Tubervil və C.D. Vans, çərşənbə axşamı isə Nümayəndələr Palatasının spikeri Mayk Conson iştirak edib.

Conson bunu “saxta məhkəmə prosesi” adlandırıb və Koheni “açıq-aydın şəxsi qisas missiyasında olan və həqiqəti [söyləməkdə] çətinlik çəkən bir şahid kimi tanınan bir adam” kimi xarakterizə edib. “Onun yalan şahidlik etmək tarixçəsi var və o bununla məşhurdur,” o deyib.

Forum

XS
SM
MD
LG