“Bu gün bu təşkilat əfsuslar olsun, bir daha demək istəyirəm ki, heç bir nüfuza malik deyil, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə əhəmiyyətsizdir. Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik.”
Bu sözlərlə Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə fevralın 5-də görüşü zamanı Avropa Şurası Parlament Assambleyasının yanvarın 30-da qəbul etdiyi “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” adlı qətnaməyə münasibət bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib.
Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik.
“Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır. Mən Ermənistanı misal gətirə bilərəm. Ermənistanın keçmiş prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət? Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun. Avropa Şurası Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, insanların polis tərəfindən öldürülməsinə diqqət yetirsin, o ölkələri qınasın, o ölkələrin hüquq mühafizə orqanlarına irad tutsun. Biz bunu eşitmirik, biz televiziyada görürük. Demək olar ki, müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların gözləri çıxarılır, insanların üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Sanki bu, demokratiya imiş. İndi biz bunu deyəndə, - mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, - onlar cavab vermirlər, susurlar. Amma otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər. Biz buna, əlbəttə ki, dözə bilmərik. Biz Türkiyə ilə birlikdə mübarizə aparırıq, necə ki, biz sizinlə birlikdə mübarizə aparmışıq,” Əliyev qeyd edib.
AŞPA siyasi məhbsularla bağlı qətnamə qəbul edib
Yanvarın 30-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib.
Qətnamə layihəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanıb.
Müzakirələr zamanı deputatların əksəriyyəti hesabatı dəstəkləyib.
Fransalı millət vəkili Bernard Furnye Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını icra etmədiyini bildirib və qeyd edib ki, bu yolverilməzdir.
O bildirib ki, hüquq müdafiəçilərinin, fəalların fəaliyyəti bəzən onların həbsxanalara düşməsinə səbəb olur.
Azərbaycanda siyasi məhbusların olması barədə bəyanat ağır ittihamdır və biz bunu heç vaxt qəbul etmirik.Səməd Seyidov, Azərbaycanın AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri
Furnye cəza və məhkəmə-hüquq sistemində islahatlarla bağlı Azərbaycan prezidentinin fərmanlarını yüksək qiymətləndirib.
Ancaq o bu tədbirləri yetərli saymayıb. Furnyenin fikrincə, icra hakimiyyətinin Hüquq-Məhkəmə Şurasının işinə müdaxiləsi yolverilməzdir ki, bu da hakimlərin müstəqilliyini pozur.
Öz növbəsində, Azərbaycan nümayəndə heyətinin üzvləri hesabatın müddəaları ilə qəti şəkildə razılaşmayıb. Deputat Sahibə Qafarova məruzədə cinayət əməllərinə görə mühakimə olunan dini radikalların siyasi məhbus kimi təqdim olunduğunu bildirib. Azərbaycandan digər deputatlar da tənqidi qəbul etməyərək Azərbaycanın AŞ ilə əməkdaşlığa sadiq olduğunu qeyd ediblər, eyni zamanda demokratiya quruculuğunda obyektiv çətinliklərin və keçmişin “ağır irsi" ni qeyd ediblər.
Rusiya, Türkiyə və bir sıra digər ölkələrin bəzi deputatları Azərbaycan nümayəndə heyətini dəstəkləyib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məruzəçini qərəzli sayıb və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını sərbəst şərh etməkdə, həmçinin fevral ayında keçiriləcək parlament seçkilərinə “müdaxilədə”, onların “demokratikliyini” qəsdən şübhə altına almaqda ittiham edib.
İndi başa düşdüm ki, niyə Azərbaycanda siyasi məhbuslar var. Siz tənqidə dözümsüzsünüz.Torhildur Sunna Evarsdottir, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi
“Azərbaycanda siyasi məhbusların olması barədə bəyanat ağır ittihamdır və biz bunu heç vaxt qəbul etmirik,” Seyidov deyib.
Öz növbəsində Evarsdottir öz ünvanına ittihamlara reaksiya verərək bildirib ki, ötən ilin dekabr ayı ilə müqayisədə məsələ AŞPA Komitəsində müzakirə olunanda o, öz mövqeyini 180 dərəcə dəyişdirmişdi.
“İndi başa düşdüm ki, niyə Azərbaycanda siyasi məhbuslar var. Siz tənqidə dözümsüzsünüz,” məruzəçi deyib.
O, hesab edir ki, siyasi məhbus probleminin həll olunmaması ölkənin Avropa Şurasına üzvlüyünü risk altına alır.
“Heç birimiz bunu istəmirik. Azərbaycanın Avropa Şurasında öz yeri var. Ancaq bu ölkə öz öhdəliklərinə hörmətlə yanaşmalıdır”, Evarsdottir deyib.
Azərbaycanda siyasi məhbusların siyahısı
Azərbaycanın hüquq müdafiə təşkilatları yüzdən çox insanı siaysi məhbus elan edib.
Belə ki, ötən il noyabrın 25-də siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə İşçi Qrupu siyahıya 112 nəfərin adını daxil edib. Daha 11 nəfərin işi monitorinq altındadır.
112 nəfər aşağıdakı qruplara ayrılıb:
- 5-i jurnalist və bloger (Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, Polad Aslanov),
- 7 siyasi və ictimai fəal (Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov),
- 45 inanclı fəal - bu qrupa “Nardaran işi” üzrə həbs edilənlər, İslam Partiyasının lideri Mövsüm Səmədovla birlikdə həbs edilənlər və digərləri daxildir,
- 3 nəfər ömürlük həbs cəzasına məhkum olunmuş (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),
- 1 nəfər siyasi girov - Emin Saqiyev - o, siyasi mühacirətdə olan müxalif jurnalist Türkel Azərtürkün qohumudur,
- 3 nəfər - Səid Dadaşbəyli və onunla birgə tutulanlar,
- 48 nəfərdən ibarət böyük bir qrup “Gəncə işi” ilə bağlı tutulanlardır,
Monitorinq altında olan 11 nəfərə gəlincə, onların 9-u “Gəncə işi” ilə bağlı həbs edilənlərdir. Bundan başqa qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs edilmiş jurnalist Şəfəq Ağabalayevanın (Ağacan) və qardaşı siyasi mühacirətdə olan, Azərbaycan hakimiyyətini kəskin tənqid edən idmançı Renad Əliyevin işi də monitorinq altındadır.
Əvvəlki hesabatdan (3 sentyabr) sonrakı dövr ərzində 8 nəfər azadlığa çıxıb. Onlardan 5-nin, o cümlədən “Gəncə işi”nin 4 fiqurantının və hüquq müdafiəçisi Əliabbas Rüstəmovun cəzası yüngülləşdirilib.
AXCP fəalı Asif Yusifli də daxil olmaqla, daha üç nəfər cəza müddəti başa çatdığına görə azadlığa buraxılıb.
Bundan başqa, "Gəncə işi" üzrə həbs edilmiş Eşqin Quliyev həbsxanada xəstəlikdən dünyasını dəyişib.
Siyahıya iki nəfərin - AXCP fəalı Paşa Umudovun və Aqşin Əsgərovun adı daxil edilib.
Bundan başqa, İşçi Qrup siyasi motivli inzibati həbslərin sayının artdığını qeyd edir. Belə ki, müxalifətin 19 oktyabr aksiyası ərəfəsində və aksiyadan sonra 40-a yaxın fəal həbs edilib.
İşçi Qrupu qeyd edir ki, siyasi motivli inzibati həbslər adi vərdişə çevrilir. İlin əvvəllərindən 100 nəfərə yaxın insan həbs edilib.
2019-cu il noyabrın 6-da Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın (ASMAUİ) yaydığı siyahıda isə siyasi motivlərlə mühakimə olunanların sayı 135 nəfərdir.
Eyni zamanda, Amnesty International (Beynəlxalq Əfv) təşkilatı ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.