Accessibility links

‘Onlar xalqın seçdiyi ikinci hakimiyyətin olmasını istəmədilər...’


Arxiv fotosu - Bələdiyyə seçkiləri, 23 dekabr, 2014

Bu il dekabrın 27-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Artıq siyasi dairələrdə seçkilər müzakirə mövzusuna çevirilməkdədir. Ancaq bununla belə, bəzi müşahidəçilər cəmiyyətdə bələdiyyə seçkilərinə dair müzakirələri hələlik, yetərli saymırlar.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bunun səbəblərini bir qədər keçmişlə bağlayır. O, Azadlıq Radiosuna deyib ki, 20 il əvvəl yerli özünüidarə institutu formalaşanda nəzərdə tutulan şəkildə effektiv alınmayıb:

“Əsas səbəblərdən biri odur ki, 1995-ci ildə müstəqil dövlət kimi Konstitusiya qəbul olunandan iki il sonra bələdiyyələrin formalaşacağı gözlənilirdi. Çünki bu barədə Konstitusiyada yazılmışdı. Amma iki il gecikəndən sonra 1999-cu ildə bələdiyyə seçkiləri keçirildi. Eyni zamanda, Avropa Şurası Bakı qarşısında öhdəlik qoymuşdu ki, bələdiyyələr formalaşandan sonra üzv qəbul ediləcək və hakimiyyət bu öhdəliyi yerinə yetirdi. Sonradan Avropa Şurası məsələni belə qoydu ki, öhdəliklərin bir hissəsi üzv olunandan sonra həyata keçiriləcək. Bəs nə baş verdi? Bələdiyyəlırin dünyada əsasən iki forması var: anqlosakson və Fransa təcürbəsi. Ən ideal forması birincidir ki, bu, Amerikada özünü göstərir, yəni yerlərdə prezidentin nümayəndəsi yox, bələdiyyələr əsas söz sahibidir. Azərbaycan Fransa təcrübəsini götürdü, yerlərdə prezidentin nümayəndəsi ilə bərabər bələdiyyələr də fəaliyyət göstərir, Türkiyə də bu variantı götürüb”.

Məhərrəm Zülfüqarlı
Məhərrəm Zülfüqarlı

“İcra hakimiyyətləri də bələdiyyələrin formalaşmasına imkan vermədilər”

Məhərrəm Zülfüqarlının sözlərinə görə, Fransa təcrübəsi Azərbaycandakı yerli icra hakimiyyət başçılarını qane etmədi:

“Onlar xalqın seçdiyi ikinci hakimiyyətin olmasını istəmədilər və müdaxilə etməyə başladılar, bütün səlahiyyətləri öz əllərinə aldılar. Bu baxımdan bələdiyyələrə maraq ona görə azaldı ki, onlar üçün qanunda nəzərdə tutulan səlahiyyətlər gerçəkləşmədi. Çünki həmin səlahiyyətlər paralel olaraq həm də icra hakimiyyətlərində idi. İcra hakimiyyətləri də bələdiyyələrin formalaşmasına imkan vermədilər…”

“Bələdiyyələrə səlahiyyətlər verilərsə…”

M.Zülfüqarlının fikrincə, bələdiyyələrə o zaman maraq güclü olacaq ki, həqiqətən yerli özünüidarə təşkil ediləcək:

“İcra hakimiyyətindən asılı olmayan müstəqil qurum olacaq. Yalnız bundan sonra yerlərdə bələdiyyələrə etimad yaranacaq. Necə ki, Türkiyədə bu özünü təsdiqlədi. Bu il keçirilən seçkilərdə bələdiyyələrə səlahiyyətlər verilərsə, yerli vergiləri toplayarlarsa, normal büdcələri olarsa, insanların onlara inamı və hörməti artar”.

“Azərbaycanda ən zəif fəallıq bələdiyyə seçkilərində olur”

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

təndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da hesab edir ki, bələdiyyələr işlək quruma çevrilməyib:

“İlk dəfə 1999-cu ildə bələdiyyə seçkiləri keçiriləndə, cəmiyyətdə, siyasi təşkilatlarda bu qurumun yerli özünüidarənin bir institut kimi formalaşacağına inam vardı. Amma təəssüf ki, həmin dövrdə müəyyən qanunlar qəbul edilsə də, praktikada heç biri işləmədi. Tədricən də ölkədə mərkəzləşmiş idarəetmə möhkəmləndiyindən yerli özünüidaretmə institutu həm praktiki, həm də qanunvericiliyin təkmilləşməməsi baxımından ölü hala gətirildi. Nəticədə icra hakimiyyətlərinin altqurumuna çevrildi. Hazırda rayonlarda, kəndlərdə, qəsəbələrdə bütün səlahiyyətlər bələdiyyələrdə yox, yerli icra nümayəndələrindədir. Belə olduqda bələdiyyələrdən gözləntilər azalır, siyasi institutlar, cəmiyyət bələdiyyələrdə təmsil olunmaq, bu qurum vasitəsilə idarəetmədə iştirakı məqsədəuyun saymırlar”.

Ancaq şir Süleymanlı bələdiyyə seçkilərində iştirakı vacib hesab edir:

“Bu, istər-istəməz siyasi təşkilatların insanlarla təmas imkanını yaradır. İkinci, yerli problemlərin həllində hərəkətlilik başlayır, insanlara öz hüquqlarını tələb etməkdə yardım ediriksə, bələdiyyələr bu məsələdə danılmaz dəstək ola bilər. Təbii ki, o başqa mövzudur ki, müxalif, yaxud müstəqil şəxsin bələdiyyələrə seçilməsi mümkün olacaqmı? Seçkilər azad və ədalətli keçirilmədiyinə görə, siyasi qüvvələrin bələdiyyə üzvlüyünə düşmək şansları olmur. Bütün bunları görən vətəndaşların bələdiyyələrə etimadı, inamı məhv olur. Elə Azərbaycanda ən zəif fəallıq bələdiyyə seçkilərində olur. Ona görə dekabrda seçkilərin azad və ədalətli keçirilməsi gözləntim də yoxdur. Halbuki, qonşularda, məsələn, Türkiyədə son bələdiyyə seçkilərində fəallıq çox yüksək idi. Çünki yerli özünüidarə yerlərdəki problemlərə daha həssas yanaşırlar. Təəssüf ki, Azəraycanda seçkilər ədalətli keçirilmədiyindən, bələdiyyələr haqqında qanunvericilik bazasının təkmilləşməməsi etimadı sıfıra endirir. Halbuki, Bakı Avropa Şurasının Yerli Özünüidarə Xartiyasına qoşulub, amma islahat aparılmır”.

Hakimiyyət rəsmiləri isə ölkədə azad və ədalətli seçkilərin keçirilmədiyinə dair fikirləri qəbu etmir. Onların fikrincə, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsindən ötrü bütün imkanlar var. Yerli icra hakimiyyətləri də bələdiyyələrin işinə müdaxilə etmələri ilə bağlı deyilənləri qəbul etmirlər. Bu mövzuda iddialara cavab olaraq ayrı-ayrı rayonların icra hakimiyyətlərindən bildiriblər ki, onlar bələdiyyələrin işinə, səlahiyyətinə qarışmırlar.

XATIRLATMA

Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə baş tutub.
Bu, gözlənilən seçkilər 5-ci bələdiyyə seçkiləri olmalıdır.
Ölkədə sonuncu bələdiyyə seçkiləri isə 2014-cü il dekabrın 23-də keçirilib.

AzadlıqRadiosu

XS
SM
MD
LG