Accessibility links

Yeni sayt - OpenOil


OpenOil Wiki saytının təqdimatı-Lüsi Volvork
OpenOil Wiki saytının təqdimatı-Lüsi Volvork

Platforma Wikipedia prinsipi üzrə fəaliyyət göstərəcək - daim yenilənəcək və əlavələr olunacaq

Berlində yerləşən OpenOil konsaltinq şirkəti və nəşri Turan agentliyi ilə birlikdə bu gündən Azerbaijan oil wiki layihəsini buraxır. Bu, artıq bir neçə ildir mövcud olan OpenOil Wiki saytının Azərbaycan və ingilis dillərində bölməsidir.

Layihə neft və qaz istehsal edən ölkələri əhatə edir və bu günədək 11 ölkə üzrə bölmələri var. Azərbaycan 12-ci ölkə olacaq.

Saytın materialları ingilis, fransız, ispan, ərəb dillərində təqdim olunub. Bundan sonra həm də Azərbaycan dilində təqdim olunacaq.

Mehman Əliyev və Lüsi Volvork
Mehman Əliyev və Lüsi Volvork
​“Məqsədimiz neft-qaz sənayesi haqqında məlumatın yayılması, ictimaiyyətin maarifləndirilməsi və hökuməti daha da hesabatlı etmək cəhdləridir”, - bu gün keçirilən təqdimat zamanı Open Oil layihəsinin koordinatoru Lüsi Volvork bildirib.
Onun sözlərinə görə, Azerbaijan oil wiki (az.wiki.openoil.net) layihəsində məqsəd karbohidrogen sektoru üzrə yerli idarə olunan məlumatlı icmaların yaradılmasına yardım göstərmək məqsədilə vətəndaşlar üçün doğma dildə informasiya ehtiyatının genişləndirilməsidir.

Layihə yerli jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları, hökumət məmurları və Azərbaycanın hasilat sənayesi haqqında daha geniş məlumat-sorğu əldə etmək istəyən ictimaiyyət nümayəndələri üçün nəzərdə tutulub.

Platforma Wikipedia prinsipi üzrə fəaliyyət göstərəcək - daim yenilənəcək və əlavələr olunacaq. “Hamıya məlumdur ki, Azərbaycanda obyektiv və şəffaf informasiyanın əldə olunması ciddi problemdir. Energetika sahəsi də istisna deyil və bu layihə sözügedən problemin həllinə, resursun Azərbaycandilli istifadəçilərinə bir çox mənbədən neytral və maksimum obyektiv informasiyanın çatdırılmasına yönəlib”, - Turan agentliyinin direktoru Mehman Əliyev bildirib.

Hazırda saytda son 100 ildə Azərbaycanın neft-qaz sahəsini əhatə edən 45 min söz həcmində informasiya yerləşdirilib. Saytın bölmələrində neft və qaz sahəsinə dair müəssisələr, infrastruktur, müqavilələr, layihələr, beynəlxalq münaqişələr və siyasi məsələlər haqda məlumat almaq olar.

“Bu, çox faydalı və mühüm təşəbbüsdür. Layihə hər cür alqışlanmalı və dəstəklənməlidir. Mən onun fəal istifadəçilərindən biri olacağam. Orada yerləşdirilən məlumatlar ölkənin energetika sahəsi haqda obyektiv və hərtərəfli məlumat almaq üçün olduqca lazımdır”, - Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı təqdimat zamanı bildirib.

Qeyd edək ki, layihə Amerikanın İREX təşkilatının dəstəyi ilə həyata keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG