Accessibility links

Oqtay Gülalıyev: Hakimiyyət müxalifətin cəmiyyətlə bütövləşməsindən qorxur


Hüquq müdafiəçisinin Amerikanın Səsinə müsahibəsi

Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində “Həmrəylik Marafonu”nun məqsədlərindən və hüquq-mühafizə orqanlarının müdaxiləsindən danışıb.

Amerikanın Səsi: Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin ictimai-siyasi fəalların cərimələrinin ödənilməsi məqsədi ilə başladığı “Həmrəylik Marafonu” lazımi məbləği toplaya bilibmi? Hazıda marafon necə davam etdirilir?

Qanunsuz cərimələnmiş şəxlsərin cərimə məbləği 11 manat civarındadır.

Oqtay Gülalıyev: Məlumat üçün bildirim ki, sizin də qeyd etdiyiniz kimi Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin təşkilatçılığı ilə başlanan marafon iyunun 28-də keçirildi. Əgər, buna marafon keçirmək demək mümkündürsə, çünki marafon cəmi bir saat davam etdi. Polisin, hakimiyyətin müdaxiləsi ilə marafon dayandırıldı. Amma hal-hazırda bu marafon fərdi şəkildə davam etdirilir. Məlumat üçün qeyd edim ki, bizdə olan məlumata görə, qanunsuz cərimələnmiş şəxlsərin cərimə məbləği 11 min manat civarındadır. Hazırda cərimələrin məbləğləri və cərimə edilmiş şəxslərin şəxsiyyəti dəqiqləşdirilir. Eyni zamanda, marafonun davam etdirildiyi bir saat ərzində 3080 manat pul vəsaiti yığılıb. Hazırda marafon davam edir. Təbii ki, biz marafonun hakimiyyət tərəfindən qanunsuz şəkildə dayandırılmasını pisləyirik. Bu həm qanunlara ziddir, həm sərbəst toplaşamaq azadlığının təmin olunmasına ziddir. Eyni zamanda hakimiyyətin ictimai birliklər və siyasi partiyaların fəaliyyəti barədə qanuna göstərdiyi növbəti sayğısızlıqdır.

Oqtay Gülalıyev: Hakimiyyət müxalifətin cəmiyyətlə bütövləşməsində qorxur
please wait

No media source currently available

0:00 0:04:15 0:00

Amerikanın Səsi: “Həmrəylik Marafonuna” hüquq-mühafizə orqanlarının müdaxiləsini necə qiymətləndirirsiniz? Bunun səbəblərini necə izah edərdiniz?

Hakimiyyət ehtiyat edir ki, bu kəsimin xalq tərəfindən maliyyələşməsi üçün hər hansı bir maliyyə strukturları formalaşa bilər.

Oqtay Gülalıyev: Söhbət həmin gün Müsavat Partiasının qərargahına qarşı olanlardan gedir. Partiyanın qərargahını polis əməkdaşlarının, daxili qoşun alayının üzük qaşı kimi mühasirəyə alması, Daxili İşlər Nazirliyinin yüksək rütbəli şəxslərinin partiyanın qərargahına qanunsuz daxil olub konfrans zalına qədər gəlməsi və marafonun dayandırılmasını tələb etməsi çox absurd və növbəti qanunsuzluq idi. Yəni bu heç bir qanunla, heç bir ədəb-ərkanla tənzimlənməsi mümkün olmayan bir hadisə idi. Mən düşünürəm ki, bu, onların dediyi kimi, nə marafon sözünün yürüş sözü ilə əvəzlənməsi ilə,- onlar belə deyib, bəhanə gətirmişdilər, - nə də küçə yürüşlərinin keçirilməsi ilə bağlıdır. Sadəcə olaraq hakimiyyət vətəndaş cəmiyyəti ilə, tənqidçi müxalif kəsimlə, insanların, xalqın, cəmiyyətin bütünləşməsindən qorxur. Eyni zamanda ehtiyat edir ki, bu kəsimin xalq tərəfindən maliyyələşməsi üçün hər hansı bir maliyyə strukturları formalaşa bilər və bu gələcəkdə onun fəaliyyətinə əngəl törədə bilər. Mən düşünürəm ki, daha çox bununla əlaqədardır. Bir kəlmə sözlə ifadə etsək, qorxunun təzahürüdür.

Amerikanın Səsi: Hökumət insanların fundamental hüquqlarının tam təmin edildiyini bildirir. Hüquq müdafiəçisi kimi siz necə düşünürsünüz?

İnsanlar heç bir günahı olmadan ağır işgəncələrə məruz qalır və qətlə yetirilir. Sonradan məlum olur ki, bu insanlar günahsızdır və həmin insanların evinə bəraət kağızı göndərilir.

Oqtay Gülalıyev: Bu, qətiyyən belə deyil. Elə 28 iyunda bizim keçirdiyimiz “Həmrəylik Marafonu”nun dağıdılması, partiya qərargahının mühasirəyə alınması, yüksək rütbəli şəxslərin çox kobud şəkildə partiyanın qərargahına daxil olub insanları oradan zorla çıxarması, hətta Müsavat Partiyasının öz üzvlərini iş otaqlarından çıxarması, - nə cür insan haqlarının qorunmasından söhbət gedə bilər. Eyni zamanda, bu yaxınlarda “Tərtət işi”, “Gəncə işi” ilə tanış olanda gördük ki, onlar heç bir günahı olmadan həbs edilib. İnsanlar heç bir günahı olmadan ağır işgəncələrə məruz qalır və qətlə yetirilir. Sonradan məlum olur ki, bu insanlar günahsızdır və həmin insanların evinə bəraət kağızı göndərilir. Biz burada hansı insan haqlarından danışa bilərik, hansı insan haqlarının qorunmasından danışa bilərik. O baxımdan hesab edirəm ki, Azərbaycan insan haqları dünyanda ən çox pozulan ölkələrdən biridir. Bunu həm yerli cəmiyyət, hüquq müdafiə təşkilatları təsdiq edir, həm də beynəlxalq araşdırmalarda, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan insan hüquqlarının tapdandığı ölkələrdən biri kimi ön cərgələrdə yer alır.

Qeyd: Azərbaycan rəsmiləri ölkədə insanların bütün fundamental hüquqlarının, o cümlədən, söz, mətbuat, sərbəst toplaşmaq azadlığının tam təmin edildiyini bildirir. Ölkə rəsmiləri insan haqları, işgəncələr, qeyri-insani rəftarla bağlı tənqidləri qərəzli sayır.

Bununla yanaşı, Azərbaycan insan haqları sahəsində beynəlxalq hesabatlarda, o cümlədən söz azadlığı, korrupsiya indekslərində dünya ölkələri arasında sonuncu yerlərdən birini tutur. Yerli hüquq müdafiəçiləri 80-dək insanı siyasi məhbus kimi tanıyır. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.

Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda onadək insanı “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG