Accessibility links

Oqtay Gülalıyev: İnsanları həbsdə saxlamaqla hakimiyyəti əldə saxlamaq mümkün deyil [Video-Müsahibə]


Oqtay Gülalıyev: İnsanları həbsdə saxlamaqla hakimiyyəti əldə saxlamaq mümkün deyil
please wait

No media source currently available

0:00 0:05:35 0:00

Hüquq müdafiəçisinin Amerikanın Səsinə müsahibəsi

Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində siyasi məhbus problemindən danışıb.

Amerikanın Səsi: Siz yaxın zamanda siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılması ilə bağlı hökumətdə müzakirələr aparıldığını yazıbsınız. Belə bəyanatlar hətta rəsmi şəxslər tərəfindən əvvəllər də səslənib, lakin sonda real olmayıb. Bu dəfəki məlumatı da, növbəti, əsası olmayan fikir kimi xarakterizə etmək mümkündürmü?

Bu problemdən qurtulmaq Azərbaycan hakimiyyəti üçün çox vacibdir.

Oqtay Gülalıyev: Məlumat üçün bildirim ki, siyasi məhbus problemi ən aktual problemlərdən biridir. Hal-hazırda ölkəmizdə 160-a yaxın siyasi məhbus var. Siyasi məhbusların sayına görə Azərbaycan Avropanın lider ölkələrindən biridir. Eyni zamanda bu problem istər yerli səviyyədə, istər beynəlxalq səviyyədə daim hökumətin qarşısına çıxarılan və ona təzyiq kimi günədəmə gətirilən mövzudur. Belə deyək, artıq, son zamanlar beynəlxalq qurumlar və birliklər tərəfindən Azərbaycsn hakimiyyəti ilə münasibətdə siyasi məhbus problemi qırmızı xəttə çevrilməkdədir. Təbii ki belə olan halda bu problemdən qurtulmaq Azərbaycan hakimiyyəti üçün çox vacibdir. Baxmayaraq ki, bu problem ətrafında zaman-zaman spekuliyasiyalar olur, müəyyən bazarlaşmalar olur və s. Amma artıq belə deyək ki, divarın sonuna yaxınlaşılıb və Azərbaycan hakimiyyəti bu problemdən qurtulmaq məcburiyyətindədir. Zaman-zaman bununla bağlı vədlər verilib, amma, bu vədlər yerinə yetirilməyib. Məndə olan məlumata görə, eyni zamanda siyasi məhbuslarla bağlı ölkə daxilində, beynəlxalq səviyyədə aparılan danışıqlar, eləcə də dövlət başçısı qarşısında qaldırılan məsələlər Azərbaycan hakimiyyətini bu problemdən qurtulmaq istiqamətində ciddi addımlar atmağa məcbur edir.

Amerikanın Səsi: Bir sıra ekspertlər bildirir ki, siyasi məhbus problemi sanki geopolitik münasibətlərin alver predmetinə çevrilib. Beynəlxalq təşkilatlar və bir sıra dövlətlər illərdir bu problemlər ətrafında müzakirələr apardığını bəyan edir. Amma problem həllini tapmır. Buna səbəb nədir?

Repressiyalar sonda insanların şərlənərək həbs olunması ilə nəticələnir.

Oqtay Gülalıyev: Mənə elə gəlir ki, bunun başlıca səbəbi Azərbaycan hakimiyyətinin mahiyyəti ilə bağlıdır. Bilirsiniz ki, Azərbaycanda avtoritarizm mövcuddur. İnsanlar baxışlarına görə təqib olunur. Şərlənib həbs olunur. Ölkə həbsxanalarında kifayət qədər günahsız həbs olunanlar var, siyasi məhbuslar var. Ölkədə azad mətbuat sıradan çıxarılıb. Müstəqil televiziya, radiolar yoxdur. Müstəqil çap mediası, müxalif qəzetlər demək olar ki, yoxdur. Digər problemlər var ki, ölkədə ifadə, sərbəst toplaşmaq azadlığı problemləri var. Bütün bunların hamısı, belə deyək ki, hakimiyyəti öz mövcudluğunu qorumaq üçün repressiyalara əl atmağa məcbur edir. Repressiyalar sonda insanların şərlənərək həbs olunması ilə nəticələnir. O baxımdan, bu problemin mövcudluğu hesab edirəm ki, Azərbaycan hakimiyyətinin mahiyyəti ilə bağlıdır. Hakimiyyəti qorumaq instinkti ilə bağlıdır, qorxu ilə bağlıdır. Mən düşünürəm ki, Azərbaycan hakimiyyəti də fərqindədir ki, son illər aparılan bu həbslər, repressiyalar heç bir effekt vermir. İnsanları həbsdə saxlamaqla hakimiyyəti əldə saxlamaq mümkün deyil. O baxımdan mən bu qənaətdəyəm ki, Azərbaycan hakimiyyəti siyasətinin dəyişmək məcburiyyətindədir. Dünya dəyişir, region dəyişir, insanlar dəyişir. Qabağa baxıb güzəştə getməlidirlər.

Amerikanın Səsi:Yalnız əfv və amnistiya ilə siyasi məhbus probleminin həlli mümkündürmü? Problemin köklü həlli üçün hansı addımlar atılmalıdır?

Ölkədə fundemental hüquq və azadlıqlar bərpa olunmalıdır, tanınmalıdır. Bunun tanınmasına məhkəmə səviyyəsində təminat verilməlidir.

Oqtay Gülalıyev: Xeyr, mən düşünmürəm ki, ölkədə əfv, amnistiya ilə siyasi məhbus problemini həll etmək lazımdır. Çünki, artıq bu problem ölkədə karusel əməliyyatına çevrilib. Yəni siyasi məhbusların bir hissəsi azadlığa buraxılır, yeniləri həmin yeri doldurur. Necə deyərlər, “müqəddəs yerlər” boş qalmır. Söhbət ondan gedir ki, bu günləri Azərbaycanda siyasi məhbus problemi, bayaq da qeyd etdiyim kimi, Azərbaycan hakimiyyətinin mahiyyəti ilə bağlıdır, onun yürütdüyü siyasətlə bağlıdır. Mən düşünürəm ki, bu siyasətin köklü həlli üçün Azərbaycan hakimiyyəti özü köklü islahatlara, dəyişikliklərə getməlidir. Ölkədə fundemental hüquq və azadlıqlar bərpa olunmalıdır, tanınmalıdır. Bunun tanınmasına məhkəmə səviyyəsində təminat verilməlidir. Vətəndaş cəmiyyəti dirçəldilməlidir. Azad mətbuat inkişaf etdirilməlidir. Siyasi islahatlar həyata keçirilməlidir. Seçkilər demokratik keçirilməlidir. Eyni zamanda, Azərbaycanın Qərb dünyasına inteqrasiyası kağız üzərində deyil əməldə həyata keçirilməlidir. Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər yerinə yetirilməlidir. Ölkəmizdə köklü problemlər var ki, illərdir qalaqlanıb qalıb. Bu problemlər həll olunmalıdır ki, biz ölkədə siyasi məhbusları görməyək, Azərbaycanı siyasi məhbuslarsız bir ölkə kimi təssəvvür edib yaşaya bilək.

Qeyd: Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bütün insanların qanun qarşısında bərabər olduğunu, hər hansı insanın siyasi mövqeyinə, fikrinə, tənqidinə görə həbs edilmədiyini biəyan eduir. Rəsmilər siyasi məhbuslarla bağlı yerli və beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır.

Bununla yanşə, Avropa Şurası Parlament Assambleyası Azaərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi təyin edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG