İyunun 22-də Bakının Səbail rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktına əsasən həbs edilən şəxslərin cinayət işi üzrə üçüncü qrupun məhkəmə prosesində hökm oxunub.
Bununla da bu cinayət işi üzrə məhkəmə prosesləri başa çatıb. Təqsirləndirilən şəxslərin əksəriyyəti məhkəmələrin hökmündən apellyasiya şikayəti verəcəyini bildirib.
Hökmə əsasən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları İsmayıl Həsənov, Ceyhun Novruzov, Gündüz Mirzəyev, Baba Süleymanov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Ramid Nağıyev, bitərəflər Ceyhun Məmmədov, İsmayıl Məmmədov, Emin Hüseynzadə, Fariz Məmmədov, Vüsal Quliyevin hər birinə 2,5 il sınaq müddəti olmaqla, 2 il 10 ay şərti cəza təyin olunub.
Təqsirləndirilən şəxslər ittihamı qəbul etmədiyini və siyasi sifariş olduğunu bildirib.
Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var.
2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.
Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.
AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.
“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.
AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 127 (qəsdən az ağır xəsarət yetirmə), 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır. Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılanların hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.