Accessibility links

Orduya Dəstək yürüşündən sonra günahlandırılan şəxslərə prokuror cəza istəyib


İyunun 11-də Bakı Apellyasiya Məhkəməsinin binasında Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı iş istəyib.

Dövlət ittihamını müdafiə edən prokuror bu qrup üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Asif Yusifliyə və bitərəf Taleh Məmişova 4 il, digərlərinə 3 il 6 ay sınaq müddəti ilə şərti cəza istəyib.

Bu qrupa AXCP fəalları Asif Yusifli, Seymur Əhmədov, Elnur Cabbarov, Müşfiq Quliyev, Elvin Məmmədov, Şəmsi Rəhimli Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri Səyavuş Mustafayev, ADR Hərəkatından Pərvin Çobanov, Müsəlman Birliyi Hərəkatından Dəyanət Mövlayev və Kamal Mahmudov, bitərəflər Taleh Məmişov və Elçin Mehdiyev daxildir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılan təqsirləndirilən şəxslərin hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

Təqsirləndirilən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları bitərəflərdir.

2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.

AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.

XS
SM
MD
LG