Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz Amerikanın Səsinə müsahibəsində ölkədə elektron ticarət və bu sahədəki problemlərdən danışıb.
Amerikanın Səsi: Pandemiya dövründə dünyada elektron ticarət sürətlə inkişaf etməkdədir. Bu sahədə Azərbaycanda durum necədir?
Son bir ildə Azərbaycanda karqo şirkətlərinin sayı on dəfəyədək artıb..
Osman Gündüz: Azərbaycanda da pandemiya başlanandan sonra elektron ticarət, rəqəmsal sahibkarlıq məsələlərində, ümumiyyətlə rəqəmsal sektorda ciddi dirçəliş başladı. Yəni, pandemiya bu sahəni stimullaşdırdı. İnsanlar evindən, ofisindən çıxmayaraq alış-veriş etməyə, həm xidmətləri almağa, həm də mal-məhsul almağa üstünlük verdilər. Bir neçə statistik məlumata müraciət edə bilərəm. Son bir ildə Azərbaycanda karqo şirkətləri (daşıma şirkətləri-red), yəni xarici ölkələrdə elektron vasitələrlə ticarət edən şəxslərin aldığı məhsulları evinə çatdıran şirkələrin sayı on dəfəyədək artıb. Artıq 180-dək belə şirkət var. Əvvəllər bu şirkətlərin sayı 5-6 idi. Bu, ölkədə elektron ticarətin dövriyyəsinin kifayət qədər artdığını göstərən amillərdən biridir. İkinci faktor of-laynla məşğul olan ənənəvi qurumlar var. Deyək ki, xidmət sahələri, böyük ticarət mərkəzləri, eyni zamanda pərakəndə ticarət və sair. Bunlar da yavaş-yavaş elektron satış müstəvisinə inteqrasiya etdilər. Qabaqlar, gülməli səslənsə də, bu ticarət mərkəzləri qapılarına elan vururdular ki, “qapıdan satış.” Əlbəttə, bu, doğru yanaşma deyildi. Çünki, həmin ticarət obyekti on-layn ticarətə hazır deyildi. Ona görə, şərait yetişəndə vəziyyətdən çıxmaq üçün bu addımı atdılar. Düşünürəm ki, bu da hökumət, sahibkarlıq subyektləri, ticarət üçün bir çağırışdır. Yəni, gələcəkdə bu tip məsələlərə ciddi önəm vermək lazımdır.
Amerikanın Səsi: Azərbaycan BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) elektron kommersiya indeksində 144 ölkə arasında 68-ci yerdədir. Bu sahədə qanunvericilik bazası Avropa standartlarına nə qədər uyğundur, qanunvericilik bazası elektron ticarətin genişləndirilməsi üçün imkanlar açırmı?
Ölkədə ənənəvi sahibkarların elektron müstəviyə gəlməsinin qarşısını alan, sahibkarlığın inkişafının sürətlənməsinin qarşısını alan amillərdən biri məhz qanunvericiliklə bağlıdır.
Osman Gündüz: O cəhətdən, düşünürəm ki, vəziyyətimiz elə də qənaətbəxş deyil. Yəni, uzun müddət bundan öncə, qəbul olunan elektron ticarətlə bağlı qanunvericilik var. Bu, kifayət qədər mühafizəkar bir qanunvericilikdir. Yəni, cəmi bir dəfə buna vergi nöqteyi-nəzərindən dəyişikliklər olub. Xaricdən hansısa bir xidmətləri əldə edən vətəndaşlara 18 faizlik və yaxud 10 faizlik əlavə dəyər vergisinin tətbiq olunması ilə bağlı dəyişiklik edilib. Bu, əslində dolayısı ilə elektron ticarəti məhdudlaşdıran bir addım kimi dəyərləndirilə bilər. Düzgün yanaşma deyil. Amma ümumiyyətlə hesab edirəm ki, bu dəqiqə ölkədə ənənəvi sahibkarların elektron müstəviyə gəlməsinin qarşısını alan, sahibkarlığın inkişafının sürətlənməsinin qarşısını alan amillərdən biri məhz qanunvericiliklə bağlıdır. Əlbəttə, başqa səbəblər də var. Maarifçiliklə bağlı məsələlər var, risklərin sığortalanması problemi var. İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı problemlərdən danışmaq olar. Amma qanunvericilikdə çevik, effektiv mexanizmlər nəzərdə tutulmalıdır. Uzun müddətdir ki, bu məsələ donub. Buna baxılmayıb. Hesab edirəm ki, qanunvericiliyi dəyişə bilsək, mövcud situasiyanı stimullaşdırar. Bir qədər də maarifçilik işləri aparmaqla burada böyük dirçəliş əldə etmək olar.
Amerikanın Səsi: Bu günlərdə belə bir bəyanat oxudum: Azərbaycan dünyanın yeganə ölkəsidir ki, həm ticarət müəssisəsində vergi ödəyirsən, həm də məhsulu alandan sonra istehlakçı vergi ödəyir. Yəni, ikiqat vergi var. Bu sahədə vəziyyəti necə qiymətləndirərdiniz?
Xaricdən Azərbaycana məxsus olan bank kartları vasitəsi ilə elektron kitabı alsanız, onun üzərinə 18 faiz əlavə dəyər vergisi gələcək.
Osman Gündüz: Dəqiq faktlar deməkdə çətinlik çəkirəm. Amma düşünürəm ki, hazırda xaricdən alış-veriş edəndə, müəyyən xidmətləri, məhsulları alanda belə məqamlar var. Məsələn, siz elektron kitab almaq istəyirsiniz. Siz əgər ölkə daxilində bir elektron kitab alarsınızsa buna bəlli bir məbləğ ödəyəcəksiniz. Amma xaricdən Azərbaycana məxsus olan bank kartları vasitəsi ilə elektron kitabı alsanız, onun üzərinə 18 faiz əlavə dəyər vergisi gələcək. Bu vergi artıq yerində tutulacaqdır. Düşünürəm ki, bu doğru yanaşma deyil. Bu həm də sui-istifadə halları yaradır. Yəni, Azərbaycanın deyək ki, bank sektoruna mənfi təsir edir. Vətəndaşın cibində iki cür bank kartı olur. Xarici ölkənin bank kartı və özümüzün lokal bank kartımız. Çünki xarici ölkənin bank kartı ilə elektron qaydada olan bəzi xarici xidmətləri, məsələn, elektron kitab üçün xarici bank kartı ilə ödəniş etsək, bu halda 18 faiz vergi vermirik.
Amerikanın Səsi: Sizcə Azərbaycan vətəndaşlarının beynəlxalq elektron ticarət şəbəkələrindən alver etməsi sahəsində hansı əsas çətinliklər var? Bu sahədə vergi, gömrük rüsumları əlavə çətinliklər yaratmır?
7-8 ildən çoxdur ki, bizdə ödəniş ximdətləri və ödəniş sevisləri ilə bağlı qanun qəbul oluna bilmir.
Osman Gündüz: Bu sahədə müəyyən problemlər var. Birinci problem o ola bilər ki, elektron mühitdə təhlükəsizliklə bağlı, istehlakçıların hüquqlarının qorunması ilə bağlı məsələlər çox aşağı səviyyədədir. Burada ciddi problemlər var. Orada malın geri qaytarılması, vətəndaşın bununla bağlı məlumatlandırılmasıdır. Bu sahədə, istehlakçıların hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin inkişafı və onunla bağlı maarifçilik işlərinin aparılmasına ciddi ehtiyac var. İkinci məsələ, elektron ticarətlə bağlı qanunvericiliyə əl gəzdirməkdir. Rəqəmsal sahibkarlığın gücləndirilməsi ilə bağlı ciddi ehtiyac olan məsələlərdən biri uzun müddətdir müzakirə mövzusudur. Bəlkə də 7-8 ildən çoxdur ki, bizdə ödəniş ximdətləri və ödəniş servisləri ilə bağlı qanun qəbul oluna bilmir. Yəni, bununla bağlı qanunvericilik məsələsini gündəmə gətirmək Mərkəzi Banka tapşırılıb. Burada söhbət alternativ ödəniş sistemlərinin hazırlanmasından gedir. Ödəniş xidmətlərini aktivləşdirmək. Rəqəmsal bankçılığı aktivləşdirmək. Çünki elektron ticarətin, rəqəmsal sahibkarlığın söykəndiyi yer bankdır. Gərək bank açıq olsun, buna cavab versin. Bunun üçün də qanun olmalıdır. Hələlik bankçılıq sektorunda ənənəvi metodlar üstünlük təşkil edir. Yəni, bir mühafizəkarlıq var. Avropada açıq bankçılıq var. Deyək ki, hansısa bir startap, hansısa bir özəl şirkət bankın xidmətindən istifadə edib onun üzərində bir sistem qura bilər. Məsələn, Türkiyə variantında necədir? Türkiyə variantında hansısa bir sahibkar subyektinin rəqəmsal ödəniş sistemi qurması bir dəqiqəyə başa gəlir. Hazır həllər var. Amma Azərbaycanda bununla bağlı problemlər var.
Amerikanın Səsi: Beynəlxalq elektron ticarət mərkəzləri Azərbaycanda öz tədarük anbarlarını yarada bilirmi? Bununla bağlı nə deyə bilərsiniz?
Azərbaycan rəqəmsal nöqteyi nəzərdən balaca bazardır. Yəni, burada böyük dövriyyələr yoxdur.
Osman Gündüz: Əlbəttə, Amazon, eBay və sair. Dünyada nəhəng elektron ticarət platformaları var. İndi müxtəlif ölkələrdə bunların özlərinin filialları, bölmələri var. Azərbaycan rəqəmsal nöqteyi nəzərdən balaca bazardır. Yəni, burada böyük dövriyyələr yoxdur. Bu baxımdan bu cür qurumlar üçün bir qədər cəlbedici olmaya bilər. Ona görə, hesab edirəm ki, aidiyyatı qurumlar, hökumət qurumları bu sahədə əməkdaşlıqla bağlı təşəbbüs etməlidir. Elektron ticarət bazarı məhdud olduğuna görə onlar tərəfindən gözləntilər aşağı olacaq. Çünki, bazar cəlbedici deyil. Eyni zamanda, Azərbaycanda indi böyük bir proqram həyata keçirilməyə başlayacaq. “Azerbaijan Digital Hub” deyilən bir proqram var. Deyək ki, Bakının rəqəmsal bir mərkəzə çevrilməsi. Asiya, Avropa arasında İpək Yolunun rəqəmsallaşdırılmasından söhbət gedir. Azərbaycan bu istiqamətdə artıq addımlar atır. Məsələn, Xəzərin dibindən Qazaxıstan, Türkmənistan istiqamətində fiberoptik xətlərin çəkilməsi ilə bağlı hökumətlərarası müqavilə imzalanıb. Eyni zamanda, şirkətlər artıq Gürcüstan istiqamətində belə xətlərin çəkilməsi ilə bağlı konkret işlər görürlər. Bu məsələlər reallaşdıqca Azərbaycanın rəqəmsal bazara çevrilməsi sürətlənəcək. Bəli, ondan sonra qlobal şirkətlərin Azərbaycana marağı daha da artacaq.