Baş nazir əvəzi Nikol Paşinyanın “Mənim Addımım” alyansı Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində başqa partiyalarla müqayisədə nəhəng üstünlüyə malikdir.
Ümumi səslərin 50 faizi sayıldığı bir məqamda Paşinyanın partiyası 70 faiz səslə irəlidədir.
Sabiq hakim partiya və Daşnaksutyun hələ ki, parlamentə daxil olmaq üçün tələb olunan 5 faizlik baryeri aşa bilməyiblər.
2010 səsvermə məntəqəsindən 1217-də sayılan səslər göstərir ki, alyansın ən qüdrətli rəqibi və varlı biznesmen Qagik Tsarukyanın lideri olduğu “Firavan Ermənistan” partiyası səslərin 8.5 faizini qazanır.
Liberal və Qərbpərəst "Parlaq Ermənistan" partiyası 6.53 faiz səslə üçüncü yerdədir. Bu partiyaya Paşinyanın sabiq müttəfiqi Edmon Marukyan rəhbərlik edir.
Sabiq hakim partiya olan Respublikaçılar Partiyası səslərin 4.42 faizini, Daşnaksutyun isə 4.22 faizini qazanıb. Bu rəqəm parlamentə daxil olmaq üçün tələb olunan 5 faizə yetmir.
Yekun nəticələr 9 dekabrda – növbəti 24 saat ərzində gözlənilir.
Mərkəzi Seçki Komissiyası səsvermədə seçicilərin 48.6 faizinin iştirak etdiyini xəbər verib ki, bu rəqəm 2017-ci ilin apreli ilə müqayisədə 12 faiz azdır.
'Facebook Live' vasitəsilə xalqa müraciət edən Paşinyan əvvəlki rəqəmləri köhnə hakimiyyətin insanları məcburən səsvermə məntəqələrinə daşıtdırması ilə izah edib.
Seçkilərdən sonra biz Ermənistanda demokratiyanı inkişaf etdirəcəyik və iqtisadi inqilaba başlayacağıq.Nikol Paşinyan
“Belə mexanizmlərə artıq yer yoxdur,” Paşinyan bəyan edib.
2.6 milyon erməninin səsvermə hüququna malik olduğu seçkiləri ATƏT müşahidəçiləri izləyir.
Növbədənkənar parlament seçkiləri insanların küçələrə çıxaraq dinc yolla hakimiyyəti dəyişməsindən və ölkədə demokratiyanın bərqərar olacağına dair ümidlərin artmasından 9 ay sonraya təsadüf edir.