Amerikanın Səsinə də nəzarət edən agentliyin yeni rəhbəri Yaxın Şərq Yayım Şəbəkəsi, Azad Asiya Radiosu və AzadlıqRadiosunun rəhbərləri də daxil olmaqla tabeliyində olan agentlik başçılarını vəzifələrindən azad edib.
ABŞ-ın Qlobal Media Agentliyinin (USAGM) yenicə təsdiqlənmiş baş icraçı direktoru Maykl Pak bu barədə çərşənbə günü bildiriş verib.
Associated Pressin bildirdiyinə görə, Pak həmin şəxslərin işdən azad edilməsi üçün konkret səbəb göstərməyib, yalnız USAGM-in yeni baş direktoru olaraq səlahiyyətlərinə uyğun hərəkət etdiyini bildirib.
Amerikanın Səsinin iki rəsmisi - direktor Amanda Bennett və onun müavini Sendi Suqavara öz vəzifələrindən bazar ertəsi istefa verib.
Senatın Xarici Əlaqələr Komitəsindəki Demokrat senatoru Bob Menendez Pakın hərəkətlərini tənqid edərək, onun USAGM-in müstəqilliyini və tarixi rolunu sarsıtmaq üçün siyasi missiya yerinə yetirdiyini deyib.
"Bu son həmlə Tramp administrasiyasının demokratiya prinsiplərinə əsaslanan ABŞ təsisatlarını dəyişmək və Prezidentin şəxsi agendasına uyğun alətlərə çevirmək səyləri sırasındadır," Senator Menendez əlavə edib.
Keçən həftə Senat tərəfindən təsdiqləndikdən sonra Pak ilk müraciətini Amerikanın Səsinə edib. Elektron məktubunda o, ABŞ dövləti tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, müstəqil dünya miqyaslı jurnalistikanın missiyasını dəstəkləyəcəyini vəd edib.
Pak Amerikanın Səsinin nizamnaməsinə, eləcə də dünya boyu qəhrəmancasına çalışan jurnalistlərin müstəqilliyinə sadiq olduğunu yazıb.