Accessibility links

Pakistan Əfqanıstana humanitar yardım göndərməyə başlayıb


Beynəlxalq ictimaiyyətin təcili olaraq diqqətini Əfqanıstandakı humanitar və iqtisadi vəziyyətə cəlb etməli olduğunu bildirən Pakistan qonşu ölkəyə yardım olaraq minlərlə ton buğda göndərməyə başlayıb.

İslamabad Kabilə təcili olaraq 50 min ton buğda, qış ləvazimatı və tibbi təchizar da daxil olmaqla, təxminən 28 milyon dollar dəyərində humanitar yardım vəd edib.

Artıq Əfqanıstandan 3 milyona yaxın əfqan qaçqını, eləcə də iqtisadi miqrantları qəbul edən Pakistan özünün də iqtisadi çətinliklərini əsas gətirərək, yeni qaçqın axınını qəbul etməkdən imtina edib.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, Əfqanıstanda əhalinin təxminən 55 faizi, yəni 23 milyon insan aclıqla üzləşmək üzrədir və onlardan təxminən 9 milyonu uzun illər davam edən müharibə və beynəlxalq sanksiyalar səbəbindən artıq aclıq təhlükəsi ilə üz-üzədir.

Talibanın hakimiyyəti hərbi yolla ələ keçirməsindən və avqust ayında ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Əfqanıstandan çıxmasından sonra ölkədə humanitar vəziyyət daha da ağırlaşıb. Baş verənlər Vaşinqtonu son 20 ildə əsasən xarici maliyyə yardımından asılı olan Əfqanıstan iqtisadiyyatına pul axınını dərhal dayandırmağa məcbur edib.

Əfqanıstanın təxminən 9,5 milyard dollarlıq aktivlərini müsadirə edən
Bayden administrasiyası Talibana qarşı maliyyə sanksiyaları tətbiq edib. Atılan bu addımlar ölkənin iqtisadiyyatını görünməmiş böhrana sürükləyib və insanların kifayət qədər qidalanmasını çətinləşdirib.

Taliban Kabildəki müvəqqəti hökumətinin qlobal səviyyədə legitim olaraq tanınmasına və dondurulmuş vəsaitlərin sərbəst buraxılmasına çalışır.

İslamçı qrupla yaxın təmasları olan Pakistan Əfqanıstanda yaxınlaşan humanitar və iqtisadi fəlakətin qarşısını almaq üçün ABŞ və digər ölkələri bu ölkənin yeni hökuməti ilə əlaqə qurmağa çağırır.

ABŞ-ın Maliyyə Nazirliyi keçən həftə Kabilə qarşı sanksiyaları yumşaltmaq məqsədi ilə bəzi beynəlxalq yardımların Əfqanıstana çatmasını təmin etmək üçün lisenziyalar verəcəyini bildirib. Həmin lisenziyalar həmçinin xaricdə yaşayan əfqanlara ailələrinə pul göndərmək imkanı verəcək.

XS
SM
MD
LG