Əfqanıstanda 40 ildir davam edən münaqişə milyonlarla insanı əsasən Pakistan və İran olmaqla qonşu ölkələrə qaçmağa məcbur edib. Regional siyasətdəki eniş və yoxuşlar on illərdir vətənlərindən uzaqda yaşayan əfqanların da həyatlarına təsir edir. Bəziləri isə 40 il sonra belə qeyri-müəyyənlik şəraitində yaşayır.
Buradakı uşaqlar həyatlarındakı qeyri-müəyyənlikdən xəbərsiz olaraq, getdikcə böyüməkdə olan bu yoxsul məhəlləni özlərinə ev bilir. Onların valideynləri Əfqanıstandan qaçqındır və on illərdir Pakistanda yaşayır. Onlardan bəziləri burada doğulub, digərləri isə buraya körpə ikən gəlib.
Onlar müharibədən stabillik üçün qaçıblar. 1980-ci illərdə Sovet-Əfqan müharibəsi zamanı qaçanlar xoş qarşılansalar da sonradan onların həyatları tam dəyişdi.
Bir-biri ilə həmişə dostluq münasibətləri saxlamayan iki qonşu ölkə arasında qalan bu qaçqınların həyatı İslmabada və Kabil arasında dəyişkən münasibətlərdən və müxtəlif administrasiyaların fərqli siyasətindən asılı olaraq qalır.
Münasibətlər 5 il əvvəl olduğu kimi pis olanda həyat da dözülməz olur. Əfqanıstanlı mühacir Abdulla Şah Buxari: “Polis bizimlə amansızcasına rəftar edirdi. Gecələr evlərimizə reydlər keçirirdi. 2014-15-ci illərdə Əfqanıstana 8 minə qədər insan qayıtdı. Bəziləri bizneslərini dəyər-dəyməzə satmalı oldu və var-dövlətlərinin çox hissəsini qoyub getməli oldu.”
Münasibətlər 2017-ci ildə olduğu kimi yaxşılaşdıqda isə reydlər də dayanır, qazanc əldə etmək daha asan olur. Bu, qeyri-müəyyənlik onların seçimi deyil. Çoxları seçimlərinin olmadığını düşünür. “Əfqanıstan çox yaxşıdır, amma orada müharibədir. Orada Taliban var və iş yoxdur. Hamı işsiz, evdə oturub. Vəziyyət pisdir” deyə, Əfqanıstanlı qaçqın Rəqibə bildirir.
Əfqanıstana qısa mqddətə gedənlər isə oradakı zorakılıq və xaosdan danışır. Samirə Vahidi: “Atışma çox olurdu. Mən çox qorxurdum. Mən əvvəl belə şey görməmişdim. Taliban bizim evə gəldi. Mən də xalamı, nənəmi və babamı götürüb Pakistana gəlməli oldum.”
Rəsmi münasibətdəki yüksəlişlərə və enişlərə baxmayaraq, qaçqınların çoxu Pakistan xalqının onlarla xoş davrandığını deyir.