Əl-Qaidə silahlı qruplaşmasının təqaüdə çıxmış üçulduzlu bir generalı öz sıralarına qoşması ilə bağlı yaydığı son məlumat İslamçı militantların ölkənin hərbi qüvvələrinə təsiri ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.
Əl-Qaidənin Hindistan yarımadası şöbəsi olan Niva-yi-Əfqan Cihad qrupu fevral ayının ortalarında urdu dilli jurnalında təqaüdçü general-leytenant Şahid Əzizin qrupa qoşularaq "haqq yoluna" girdiyini yazıb. Qrup Əzizin hələ 2015-ci ildə, qrupun lideri Hafiz Təyab Nəvazla əlaqə qurduqdan sonra ona sadiq olacağını vəd etdiyini deyib.
"Siz haqqın dəvətini anladınız, Allaha xidmətinizi elan etdiniz və cihad yolunda bizə qoşuldunuz" - deyə, qrup bildirib.
Hadson institutunun Cənubi və Orta Asiya proqramının direktoru və Pakistanın ABŞ-dakı keçmiş səfiri Hüseyin Haqqani Amerikanın Səsinə verdiyi açıqlamasında Şəhid Əzizin çox ehtimal ki, Pakistan ordusu ilə narazılığı və Amerika əleyhinə fikirlərinə görə radikallaşdığını deyib.
Haqqaninin dediyinə görə, 2016-cı ildə Pakistan ordusu ilə bağlı bir kitabda həssas məlumatları açıqlamasından sonra generalın müəmmalı şəkildə itkin düşməsi Əl-Qaidə ilə əlaqənin əyani sübutudur.
”Əzizin kitabı və inancları ürəyinin həmişə cihad üçün döyündüyünü və açıq-aşkar İslamçı fikirlərini göstərir. Xidmət müddətində quruma sadiq qalmasına baxmayaraq, Pakistan ordusunun ABŞ-la əməkdaşlığı üçün özünü günahkar hiss edir. O yazır ki, 37 il xidmət etdiyi ordu Müşərrəfin ABŞ-la əməkdaşlığı səbəbindən şeytanın yoluna girdi ” deyə, ordunun məqaləsində bildirilib.
Pakistan hökuməti isə Əzizin Əl-Qaidə qrupuna qoşulduğuna dair iddiaları rədd edərək, bu məlumatların ölkənin hərbi qüvvələrini təhrif etmək üçün yayıldığını deyib.
Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ayişə Fərrugi Amerikanın Səsinə "bu, yenə də heç bir əsası və sübutu olmayan mediada yayılan hekayələrdən biridir. Buna görə də bu barədə açıqlama verməyəcəyəm" deyib.
Pakistan ordusundakı 37 illik karyerası ərzində Lahordakı Baş Korpusun komandiri və IV Korpusun komandiri vəzifələri də olmaqla, Əzizə bir neçə dəfə yüksək səviyyəli vəzifələr verilib. O, 1999-cu ildə seçilmiş Nəvaz Şərifin devrilməsində Müşərrəfə yaxından yardım edən şəxs olub.
Pakistan mediası 2018-ci ilin may ayında Əzizin Pakistanı tərk etdiyini və cihadçıların sıralarında döyüşərkən öldüyünü bildirib. "Rəsmi xəbər yoxdur, ancaq bəzi məlumatlar onun saqqal saxladığını və Suriyada döyüşdüyünü deyir. Bəziləri hətta onun öldüyünü düşünür " - deyə, Müşərrəf daha sonra yerli mediaya bildirib.