Pakistan hökumətinə qarşı döyüşən qeyri-qanuni yaraqlı qruplaşma cümə axşamı yüksək səviyyəli komandirlərindən birinin həftənin əvvəlində qonşu Əfqanıstanda öldürüldüyünü təsdiqləyib.
Pakistan Talibanı və ya Təhrik-i-Taliban Pakistan (TTP) kimi tanınan qruplaşması açıqlamasında ölən şəxsin Xalid Balti olduğunu və onun bazar günü səyahət edərkən öldürüldüyünü bildirib. Baltinin qrupa verdiyi töhfələrə hörmətlə yanaşdığını deyən TTP onun qisasını tezliklə alacağına söz verib. Yüksək səviyyəli komandirin öldürülməsində kimin məsuliyyət daşıdığı bildirilməyib. Heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.
TTP təstiqi Pakistanın təhlükəsizlik rəsmilərinin bazar ertəsi Baltinin Əfqanıstanın şərqindəki Nangarhar vilayətində öldüyünü açıqladıqdan sonra edib və hadisə ilə bağlı daha çox məlumat toplamaq prosesində olduğunu bildirib.
İslamabadda adının çəkilməsini istəməyən bir hökumət rəsmisinin bildirdiyinə görə, Balti 2014-cü ildə Pakistan hökumətinin sərhəd bölgələrdə TTP bazalarına qarşı hərbi əməliyyatlarından qaçaraq, Əfqanıstana sığınıb.
“O, Pakistanda terror fəaliyyətləri planlaşdırırdı və bütün TTP-nin parçalanan fraksiyalarının birləşməsinə çalışırdı” - deyə, rəsmi bildirib.
Rəsmi Baltinin “Təhrik-i-Taliban Pakistan-ın lideri Nur Vəli Məhsudla sıx əlaqədə” olduğunu, Pakistanın təhlükəsizlik qüvvələrinə və mülki vətəndaşlarına qarşı hücumlar planlaşdırdığını deyib.
Əfqanıstanın Taliban hökumətinin sözçüsü TTP komandirinin Əfqanıstan tərəfdə, sərhəd yaxınlığında öldürüldüyü barədə xəbərləri təkzib edib. Bilal Kərimi Amerikanın Səsinə “belə bir şey olmayıb və burada heç bir xarici ölkə vətəndaşı yoxdur” deyib.
Pakistan 2014-cü ildə Əfqanıstan sərhədi yaxınlığındakı qeyri-sabit bölgələrdə qurudan və havadan böyük anti-terror hücumları həyata keçirib. Təhrik-i-Taliban Pakistan-ın minlərlə militantını ya öldürüb, ya da qonşu Əfqanıstana sığınmağa məcbur edib. Terrorla mübarizə aparan ABŞ da dron əməliyyatları zamanı qrupun əsas komandirindən bir çoxunu öldürüb.
2015-ci ildə Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Balti digər məhbuslarla birlikdə 2021-ci ilin avqustunda, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra sərbəst buraxılıb.
Təhrik-i-Taliban Pakistan-ın cümə axşamı verdiyi açıqlamada Baltinin 2015-ci ilin əvvəlində həbs edildiyi və 2021-ci ilin sonuna qədər həbsdə qaldığı deyilib.