Accessibility links

Pakistanın döyüş təyyarələri Əfqanıstanda "terrorçuların sığınacaqlarını" bombalayıb


Pakistan bazar ertəsi ordusunun yüzlərlə mülki vətəndaşı və təhlükəsizlik qüvvələrinin üzvlərinin öldürülməsinə görə məsuliyyət daşıyan "terrorçuları" cəzalandırmaq üçün Əfqanıstan daxilindəki sərhədyanı bölgələrə "kəşfiyyata əsaslanan" hava zərbələri endirdiyini təsdiqləyib.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, anti-terror əməliyyatı Əfqanıstandakı sğınacaqlardan fəaliyyət göstərən, qlobal miqyasda terror təşkilatı kimi tanınan "Təhrik-i-Taliban Pakistan" (TTP) təşkilatı ilə əlaqəli komandirləri hədəf alıb.

Əfqanıstanın Taliban hökuməti cənub-şərqdəki Paktika və Xost sərhəd vilayətlərində səhər saatlarında həyata keçirilən hücumları qınayaraq, əksəriyyəti qadın və uşaq olmaqla, səkkiz mülki şəxsin öldüyünü iddia edib. Öldürülən şəxslərin kimliyini müstəqil mənbələrdən dəqiqləşdirmək mümkün olmayıb.

"Biz Əfqanıstan hakimiyyətini dəfələrlə Əfqanıstan ərasizindən Pakistana qarşı terrorizm üçün zəmin kimi istifadə edilməməsi üçün konkret və təsirli tədbirlər görməyə çağırmışıq. Biz həmçinin onları "Təhrik-i-Taliban Pakistan"a sığınacaq verməməyə və onun rəhbərliyini Pakistana təhvil verməyə çağırmışıq" - deyə, Pakistan Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik İslamabadın Kabildə "hakimiyyətdə olan bəzi elementlərin" TTP-yə fəal şəkildə himayədarlıq etdiyi və onlardan Pakistana qarşı proksi kimi istifadə etdiyi barədə iddialarını bir daha təkrar edib. Bəyanatda Taliban "xarici "terrorçuların" tərəfdarı olmaq siyasətini yenidən nəzərdən keçirməyə" və "Pakistan xalqının xeyrinə aydın seçim etməyə" çağırılıb.

Transsərhəd hərbi əməliyyat çox guman ki, şənbə günü militantların Pakistanın qeyri-sabit Şimali Vəziristan sərhəd bölgəsindəki hərbi bazasına iki zabit də daxil olmaqla, yeddi əsgərin ölümünə səbəb olan hücumuna cavab olaraq həyata keçirilib.

"Əfqanıstan İslam Əmirliyi bu hücumları qəti şəkildə pisləyir və bu ehtiyatsız addımı Əfqanıstanın ərazi bütövlüyünün pozulması adlandırır", Talibanın sözçüsü Zabihullah Mücahid hökumətinin hələ beynəlxalq səviyyədə tanınmamış hökumətinin rəsmi titulundan istifadə edərək, Pakistanın hava hücumlarına münasibət bildirib.

Mücahid bir daha Talibanın Əfqanıstan ərazisindən militant qruplar tərəfindən Pakistan və ya hər hansı digər ölkəyə qarşı istifadəsinə icazə verdiyini təkzib edib.

"Pakistan öz ərazisində nəzarətin olmaması, səriştəsizlik və problemlərə görə Əfqanıstanı günahlandırmamalıdır. Bu cür hadisələr Pakistanın nəzarətindən kənara çıxacaq çox pis nəticələrə səbəb ola bilər" - deyə, Mücahid xəbərdarlıq edib.

Bazar ertəsi həyata keçirilən hava hücumları Talibanın sərhəd qüvvələrinin Pakistanın postlarına cavab atəşi açmasına səbəb olaraq, iki ölkə arasında təxminən 2600 kilometrlik sərhəd boyunca bir neçə yerdə atışmalara yol açıb.

Forum

XS
SM
MD
LG