Accessibility links

Pakistan: Terror sərhədyanı Əfqanıstandan gəlir


Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsindəki terror hücumlarının yeni dalğasının Əfqanıstanda başladığını deyib və Taliban rəsmilərini terrorla mübarizə vədlərinə uyğun olaraq bunu dayandırmağa çağırıb.

Asifin iddiaları Pakistanda son aylarda baş verən terror hücumlarının əsasən də təhlükəsizlik qüvvələri olmaqla, yüzlərlə insanın ölümünə səbəb olduğu bir vaxta təsadüf edir. "Təhrik-i-Taliban Pakistan" (TTP) və ya "Pakistan Talibanı”" kimi tanınan yaraqlı qruplaşmanın zorakılıqların çoxuna görə məsuliyyəti öz üzərinə götürüb.

"Onlar bu əməliyyatlarını həyata keçirmək üçün sərhədin Əfqanıstan tərəfdən gəlir. Onların burada (Pakistanda) da bölmələri ola bilər, lakin onların böyük əksəriyyəti Əfqanıstan ərazisindədir" - deyə, Asif bazar ertəsi axşam yerli Geo tele-kanalına bildirib.

O, bunları ölkənin siyasi və hərbi rəhbərliyindən ibarət ən yüksək Milli Təhlükəsizlik Komitəsinin saatlarla davam edən forumunda iştirak etdikdən sonra deyib. O, Əfqanıstan Talibanına nəzakətlə xəbərdarlıq edib.

İclasdan sonrakı bəyanatda Əfqanıstanın adı çəkilmədən "Forum heç bir ölkənin terrorçulara sığınacaq verməsinə və yardım göstərməsinə icazə verilməyəcəyi və Pakistanın öz xalqını qorumaq üçün bütün hüquqlarını özündə saxlayacağı qənaətinə gəlib" deyilib.

Asif Talibana 2020-ci ilin fevralında Qətərin paytaxtı Dohada ABŞ-la imzalanan müqavilədə Əfqanıstan torpağından terrorizm üçün heç bir ölkəyə qarşı istifadəsinə icazə verməyəcəyinə söz verdiyini xatırladıb.

"Taliban hakimiyyətə qayıtdıqdan sonra biz ondan "Təhrik-i-Taliban Pakistan"ın Pakistanda terror fəaliyyətləri planlaşdırmasının qarşısını almasını xahiş etdik" - deyə, Asif əlavə edib.

Taliban administrasiyasının sözçüsü çərşənbə axşamı İslamabadın iddialarına cavab verib və onları "yalan" və "təəssüfləndirici" adlandırıb.

Zəbiulla Mücahid verdiyi açıqlamasında Əfqanıstanın sülh və sabitliyi təşviq etmək, Pakistan da daxil olmaqla, bütün qonşuları ilə sülh münasibətlər qurmaq istədiyini bildirib.

Mücahid hələ dünya tərəfindən tanınmamış Taliban hökumətinin rəsmi adından istifadə edərək, "İslam Əmirliyi Əfqanıstan ərazisindən Pakistana və ya başqa bir ölkəyə qarşı istifadə edilməməsi üçün əlindən gələni edir" deyib.

Qlobal terror təşkilatı kimi tanınan "Təhrik-i-Taliban Pakistan" (TTP) Əfqanıstan Talibanının Pakistandakı qolu və yaxın müttəfiqdir.

XS
SM
MD
LG