Accessibility links

Pakistanda Qurana hörmətsizlik etdiyi iddia edilən şəxs öldürülüb


Pakistanın şimal-qərbindəki rəsmilərin cümə axşamı bildirdiyinə görə, qəzəbli izdiham polis məntəqəsinə basqın edərək, küfr ittihamı ilə üzləşən bir məhbusu qətlə yetirib.

Zorakılıq Hayber Paxtunxva vilayalətinin məşhur turistik məkanı olan Svat rayonunda bir turistin Quranı təhqir etməsi barədə açıqlamalardan sonra baş verib. Ərazi polisi onu saxlayıb öz təcridxanasına köçürməzdən əvvəl sakinlər ona işgəncə verib.

Şahidlər və rəsmilərin dediyinə görə, daha sonra polis idarəsinin qarşısında toplaşan izdiham həmin şəxsin İslamın müqəddəs kitabını təhqir etdiyinə görə tez bir zamanda məsuliyyətə cəlb edilməsini tələb edib. Polis etirazçıları dağıtmaq üçün havaya atəş açsa da, onların binanı və polis maşınlarını yandırmasının və daha sonra “şübhəlini ələ keçirməsinin” qarşısını ala bilməyib.

Rayon polis idarəsinin rəisi Zahidullah Xan yerli mediaya izdihamın şübhəlini döyərək öldürdükdən sonra cəsədi yandırdığını deyib. O, əlavə edib ki, iğtişaş zamanı bir neçə nəfər yaralanıb.

Sosial şəbəkələrdə paylaşılan videolarda izdihamın küçənin ortasında yanan cəsədin ətrafına toplaşdığı əks olunub. Amerikanın Səsi müstəqil mənbələrdən görüntülərin doğruluğunu dəqiqləşdirə bilməyib.

Xan daha sonra bölgəyə əlavə polis qüvvələrinin gəldiyini və gərginliyi azaltmaq üçün səylərin davam etdiyini bildirib.

Əksəriyyəti müsəlman olan Pakistanda küfr çox həssas məsələdir və daha öncə sadəcə iddialar belə kütlənin çox sayda şübhəlini, hətta polis nəzarətində olanları linç etməsinə səbəb olub. Ölkənin küfr qanunlarına görə görə, Quran və ya İslam inanclarını təhqir etmək ölümlə cəzalandırılır, baxmayaraq ki, hələ heç kim rəsmi olaraq edam edilməyib.

Keçən ay yüzlərlə insan Pakistanın mərkəzi Sarqodxa şəhərində bir xristian qəsəbəsinə toplaşaraq, Quranı təhqir etməkdə ittiham edilən 70 yaşlarındakı bir xristian kişini öldürüb.

2023-cü ilin avqustunda oxşar küfr ittihamı ilə minlərlə müsəlman etirazçı xristian məhəlləsinə hücum edib. Onlar iki xristian qardaşın Quranı təhqir etdiyi iddiasına görə, 21 kilsə də daxil olmaqla, çox sayda tikilini yandırıb.

Forum

XS
SM
MD
LG