Pakistan rəsmiləri cümə günü ölkənin cənub-qərbindəki Balucistan vilayətində Fələstinlilərə dəstək məqsədli nümayiş zamanı bombanın partlaması nəticəsində azı 7 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını bildirib.
Çaman qəsəbəsində həyata keçirilən hücum Pakistan İslam Partiyasının yerli liderinin olduğu maşını hədəf alsa da, polis və şahidlər onun zərər çəkmədiyini deyib.
Polisin ilkin məlumatlarında naməlum hücumçuların mitinq iştirakçıları dağılmağa başladığı zaman avtomobilin yaxınlığında park vəziyyətində olan motosikletə yapışdırılan əldəqayırma partlayıcı qurğunu işə saldıqları deyilib.
Pakistanın Əfqanıstanla sərhəd yaxınlığındakı ucqar qəsəbəsində həyata keçirilən bomba hücumunun məsuliyyətini öz üzərinə götürən olmayıb.
Vilayətin rəhbərliyinin sözçüsü Liaqat Şahvani təhlükəsizlik qüvvələrinin bölgəni tez bir zamanda mühasirəyə aldığını və hücumun arxasında olanları tapmaq üçün axtarış aparıldığını deyib.
İsrailin Qəzzaya hava hücumlarına etiraz edən minlərlə pakistanlı günorta cümə namazına qatıldıqdan sonra küçələrə çıxıb.
Mitinqlər İsraillə Qəzza zolağını idarə edən İslamçı Həmas qrupu arasında atəşkəs elan edildikdən bir neçə saat sonra keçirilib.
Pakistan İsraillə diplomatik əlaqələri olmayan bir neçə ölkədən biridir. Pakistan pasportu dünyada sahibinin İsraildən başqa hər yerə səyahət edə biləcəyini açıq şəkildə ifadə edən yeganə pasportdur.