Accessibility links

Pakistanda hərbi maşının partladılması nəticəsində ordunun iki zabiti həlak olub


Pakistanın zorakılıqlara səhnə olan cənub-qərb bölgəsində hərbi maşının partladılması nəticəsində ordunun azı iki zabiti həlak olub, bir neçə nəfər yaralanıb.

Yol kənarına yerləşdirilmiş bomba partlayışı cümə günü Bəlucistan vilayətinin ucqar Kohlu bölgəsində baş verib.

Ordunun bəyanatında bildirilib ki, əldəqayırma qurğu avtomobili təhlükəsizlik qüvvələrinin “terrorçuların azad hərəkət etməsinin qarşısını almaq” üçün bölgədə keçirdiyi əməliyyatlar zamanı partladıb.

Öldürülən zabitlər mayor və kapitan olub. Yerli rəsmilər yaralı əsgərlərin yerli xəstəxanaya aparıldığını, bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.

Etnik Bəluc üsyançıların təhlükəsizlik qüvvələrini müntəzəm olaraq pusquya saldığı və yol kənarında partlayışlar törətdiyi Pakistan vilayətində baş verən hücumun məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib.

Kohlu uzun müddətdir Pakistandan qaçan və deyilənə görə Londonda yaşayan separatçı Bəluc lider Hirbiayir Marrinin istehkamı olub.

Vilayətdə bir neçə Bəluc üsyançı qruplaşması fəaliyyət göstərir və tez-tez pusquların hazırlanmasında, təhlükəsizlik qüvvələrinə bombalı hücumların təşkilində məsuliyyəti öz üzərinə götürür.

Son zamanlar Pakistanın Bəlucistan və şimal-qərb Hayber-Paxtunxva vilayətlərində yaraqlıların hücumları artıb. Hər iki bölgə ölkənin Əfqanıstanla uzun sərhəddini əhatə edir.

Qadağan edilmiş Pakistan Talibanı son aylarda baş verən zorakılıqların əksəriyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.

XS
SM
MD
LG