Accessibility links

Pakistanın cənub-qərbində avtobus qəzası nəticəsində azı 28 nəfər ölüb, 20 nəfər yaralanıb


Çərşənbə günü səhər saatlarında Pakistanın cənub-qərbindəki magistral yolda sürətlə hərəkət edən sərnişin avtobusunun qayalıq dərəyə aşması nəticəsində azı 28 nəfər ölüb, 20 nəfər yaralanıb.

Yerli polis məmuru Əsgər Əlinin dediyinə görə, avtobus sürücüsü Bəlucistan vilayətinin ikinci böyük şəhəri olan Turbatdan vilayətin paytaxtı Kvettaya gedərkən Vaşuk qəsəbəsində idarəetməni qəflətən itirib. Polis yaralılardan təfərrüatları öyrənməyə çalışır.

Vaşuk şəhəri hökumət administratoru İsmayıl Menqal ölənlər arasında avtobus sürücüsünün də olduğunu bildirib. Onun sözlərinə görə, zabitlər hələ də qəzanın səbəbini müəyyənləşdirməyə çalışır.

Onun dediyinə görə, xilasedicilər və polis dərhal müdaxilə edib və xəsarət alan sərnişinlərə ilkin tibbi yardım göstərib. Polis ölənləri və yaralıları xəstəxanaya çatdırıb, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Yerli medianın yaydığı fotoşəkillərdə avtobus qalıqlarının qayalıq dərənin dibində görmək olub.

Bəlucistanın baş naziri Sərfraz Buqti verdiyi açıqlamada insan itkilərinə görə kədərləndiyini bildirib və yaralılara ən yaxşı tibbi müalicənin göstərilməsi üçün göstəriş verib.

Baş nazir Şehbaz Şərif və daxili işlər naziri Möhsin Naqvi ayrı-ayrı açıqlamalarında ölənlərə görə kədərləndiklərini bildiriblər.

Pakistanda, hətta ən çətin ərazilərdəki dağılmış yollarda belə yol-nəqliyyat qaydalarına və təhlükəsizlik standartlarına ciddi əməl olunmadığı üçün yol qəzaları tez-tez baş verir.

Bu ayın əvvəlində bənzər qəzada azı 20 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

Forum

XS
SM
MD
LG