Accessibility links

Ramazan ayında Pakistan məscidləri doludur


Məktəblər və restoranlar bağlıdır, mağazalar isə qapılarını axşam düşməmiş bağlayır. Koronavirusun yayılmasının qarşısını almaq üçün hərbçilər də səfərbər olub. Lakin hər gecə dindarlar namaz qılmaq üçün Pakistan boyu məscidlərə axışır.

Qonşu Hindistanda ölümcül virusun tüğyan etməsindən narahat olan rəsmilər müqəddəs Ramazan ayının sonunda qeyd ediləcək Ramazan bayramı zamanı məhdudiyyətləri sərtləşdirib və səyahətlərə qadağa qoyub.

Lakin belə bir təzyiqin mühafizəkar İslam respublikasında böyük qarşıdurmalara səbəb ola biləcəyindən qorxan rəsmilər dini yığıncaqlara göz yumur.

"Dini qrupların əks reaksiyası ilə əlaqədar çox narahatlıqlar var. Bu, çox zəif bir hökumətdir" - deyə, Pakistan İslam Tibb Dərnəyinin Covid-19 İşçi Qrupunun həkimi Səidulla Şah bildirib.

Pakistanda 18500-ü ölüm olmaqla, 840000-dən çox yoluxma halı qeydə alınıb. Lakin test çatışmazlığı və səhiyyə sektorunun zəifliyi kimi problemlərə görə çoxları xəstəliyin həqiqi sayının daha yüksək olmasından qorxur.

Virusun daha yoluxucu variantının yayılması səbəbindən yoluxmalar rekord səviyyəyə çatıb və bununla da bir neçə şəhərdəki COVID palataları həftələrdir doludur.

Hökumət insanları "standart əməliyyat prosedurları" adlanan virusla əlaqədar məhdudiyyətlərə əməl etməyə çağırsa da, məscidlər sanki başqa bir ölkədir.

Gündəlik namazlara qatılanların sayı Ramazan ayında xüsusən axşamlar, oruc bitdikdən və cümə günü günorta ibadətindən sonra artır.

Mosques across Pakistan were brimming with people on Friday afternoon -- the last jumah prayers before the Eid holidays.

Pakistan boyu məscidlər Ramazan Bayramıdan əvvəl, son cümə namazında insanlarla dolu olub.

Qarnizon şəhəri Ravalpindinin tarixi Mərkəzi Cəmiyə məscidinə nəzarət edən Mövlana Məhəmməd İqbal Rizvi dindarların qorxacaqları bir şeyin olmadığını deyib və Hindistanla müqayisələri rədd edib.

"Dualarımız fərqlidir" deyə o bildirib və məhdudiyyətlərin ən azından onun nəzarəti altında tətbiq olunduğuna israr edib.

"Onlar dinsizdir, biz müsəlmanıq. Tövbə etmək bizim inamımızdır. Onlar tövbə etmirlər, səbəb budur" - deyə o, France Press xəbər agentliyinə bildirib.

Cəmiyyətin demək olar ki, bütün hissələrində bu düşüncə mövcuddur. Baş nazir İmran Xan cümə axşamı "Hindistanda insanlar küçələrdə ölür. Bütün dünyadan fərqli olaraq, Allah bizə daha çox şəfqət göstərir" deyib.

Lakin o, "önümüzdəki iki həftə bizim üçün çox vacibdir, koronaya yoluxma hallarını aşağı salmalıyıq" - deyərək insanları ehtiyatlı olmağa çağırıb.

Bu həftənin əvvəlində şiə müsəlmanlar Məhəmməd peyğəmbərin silahdaşlarından biri olan İmam Əlinin ölümünün ildönümünü qeyd etmək üçün ölkə boyu bir araya gəlib.

Paytaxtda keçirilən mitinqdə maskalar çıxarılıb, sıx şəkildə toplaşan qara paltarlı insanlar sinələrinə döyərək, dini mahnılar oxuyub.

Hindistanın səhiyyə üzrə mütəxəssislərinin dediyinə görə, dünyanın ən ağır epidemiyasının bu ölkədə yayılmasına səbəblərdən biri dini toplantılar olub.

Lakin bu, Pakistanın nə siyasətinə, nə də davranışına təsir etməyib.

XS
SM
MD
LG